- Xəbər news
- 22:34 14.11.2024
Gənclər və idman naziri Fərid Qayıbov noyabrda qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb.
90deqiqe.az xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil edilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Ardından nazir “Azərbaycan Respublikasının İdman Ustası” dərəcəsinə layiq görülən bəzi idmançılara müvafiq vəsiqə və döş nişanlarını təqdim edib. Fərid Qayıbov ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün onları təbrik edib və yeni uğurlar arzulayıb.
Daha sonra ötən ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub.
Atıcılıq, boks, cüdo, yunan-Roma güləşi, qadın güləşi, sərbəst güləş, batut gimnastikası, tamblinq, taekvondo, şahmat, kikboksinq, uşu, sumo, boccia, milli idman növləri, pankration, MMA, qrapplinq, bodibildinq və fitnes, kunq-fu, karate idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Yığmaların məşqçiləri isə idmançıların hazırlıq prosesi və uğurları barədə danışıblar.
Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.