- Xəbər news
- 22:34 14.11.2024
Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının 6 əməkdaşı Bakıda yerləşən Liv Bona Dea Hospitalına gətirilib.
90deqiqe.az "Azərtac"a istinadən xəbər verir ki, bu barədə xəstəxananın baş həkimi və ürək-damar cərrahı Cabir Gülmalıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, xəsarət alanlardan ikisinin tibbi vəziyyəti kritikdir:
“Günorta saatlarında xəstəxanamıza altı nəfər avtoqəza keçirmiş şəxs daxil olub. Bunlardan PFL prezidenti Elxan Səmədov sağ baldırın üçdə birində yerdəyişmiş qəlpəli açıq sınıq, qurumun vitse-prezidenti Aslan Şahgəldiyev fəqərə sınığı, Sənan Abdullayev hər iki ayaq pəncəsinin əzilməsi, Rasim Qafarlı sağ diz oynağının əzilməsi, Elgiz Abbasov sağ diz nahiyəsinin əzilməsi və sınığı, Zaur Hacı-Məhərrəmov isə burun nahiyəsində küt travma diaqnozu ilə xəstəxanamıza yerləşdirilib. E. Səmədovla A. Şahgəldiyevin tibbi vəziyyəti digərlərinə nisbətən daha kritikdir. Hər ikisi hazırlıqlardan sonra əməliyyata alınacaq. Neyrocərrahiyyə, plastik cərrahiyyə və ortopediya-travmatologiya hakimlərinin hamısı komanda halında bu iki xəstə üzərində əməliyyat icra edəcək. Digər xəstələrə ilkin tibbi müdaxilələr olunub. Vəziyyətləri sabitdir. Onlar stasionara yatırılıblar”.