2 mart 2024. Şənbə

Füzuli Mərkəzi Parkında görülən işlər zamanı ağaclar belə qorunur

Qarabağ Dirçəliş Fondunun sifarişi əsasında Füzuli şəhərində salınacaq Mərkəzi Parkın ərazisinin tikili qalıqlarından və digər tullantılardan təmizlənməsi və ərazinin müvəqqəti hasara alınması işləri davam etdirilir.


Füzuli Mərkəzi Parkında görülən işlər zamanı ağaclar belə qorunur

Qarabağ Dirçəliş Fondunun sifarişi əsasında Füzuli şəhərində salınacaq Mərkəzi Parkın ərazisinin tikili qalıqlarından və digər tullantılardan təmizlənməsi və ərazinin müvəqqəti hasara alınması işləri davam etdirilir.

Görülən işlər zamanı ərazidə mövcud olan ağacların qorunmasına da xüsusi diqqət yetirilir. Belə ki, “Yaşıllıqların mühafizəsi haqqında” qanunun tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Parkın salınacağı ərazidə monitorinq keçirilib.

Monitorinqin nəticəsi ilə bağlı verilən müvafiq rəyə uyğun olaraq Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə Fondun əməkdaşlarının, Parkın tikintisi üçün layihə-smeta sənədlərini hazırlayan “By Medgalchi” şirkətinin cəlb etdiyi ekspertlərin və təmizlik işlərinin icraçısı olan “RAMCO” QSC şirkətinin müvafiq əməkdaşlarının iştirakı ilə ərazidə aparılan növbəti monitorinqlər zamanı saxlanılması tələb olunan 80-dən çox ağac müəyyənləşdirilib və onların qorunması üçün müvafiq işlər görülüb.

Ərazidə olan Dağdağan, Göyrüş, Zoğal, Fındıq, Sofora, Ağcaqayın, Qoz, o cümlədən Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına düşmüş Şərq Çinarı, Əncir və Nar ağacları xüsusi nəzarətə götürülərək işarələndikdən sonra ətrafı hasara alınıb və onlara zəruri aqrotexniki qulluğun göstərilməsi qərara alınıb.

Qeyd edək ki, Füzuli şəhərinin yeni Baş plan layihəsinə əsasən, orada məskunlaşacaq əhalinin kütləvi istirahətinə olan tələbatını nəzərə alaraq 22,47 hektar ərazidə Mərkəzi Parkın salınması nəzərdə tutulur.

Park şəhər sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsinə imkan yaradan məkana çevrilməklə yanaşı, sağlam və təbii ekoloji mühitin yaranmasına və qorunub saxlanmasına da şərait yaradacaq.

Parkın salınması zamanı nəzərə alınacaq müasirliyin və milli-mədəni irsin vəhdəti Füzuli şəhərinin daha da gözəlləşməsinə xidmət etməklə yanaşı, bölgənin ekoloji tarazlığının bərpasına da böyük töhfə verəcək. Burada istirahət zonaları, multifunksional açıq yaşıllıq sahələri, iaşə zonaları, piknik və idman məqsədilə istifadə ediləcək zonalar, qaçış üçün cığırlar, velosiped yolları, amfiteatr və digər obyektlərin yaradılması nəzərdə tutulub.

Layihə ilə daha ətraflı Qarabağ Dirçəliş Fondunun rəsmi saytının “Layihələr” bölməsində (https://qdf.gov.az/.../Fuzuli-Merkezi-Parki/layihe-haqqinda/) tanış ola bilərsiniz.




Xəbər news