- Xəbər news
- 15:12 27.11.2025
İlk baxışdan Afrika Kubokunun ən uğursuz komandalarından biri Qanadır. B qrupunda Kabo Verde, Misir və Mozambiklə eyni qrupda yarışan komanda 2 xalla üçüncü oldu və mübarizəni dayandırdı. Qanalıların qitənin ən stabil millilərindən biri olduğunu, son 5 dünya çempionatının 4-nə çıxış etdiyini, 2010-cu il mundialında 1/4 finala kimi irəllədiyini nəzərə alsaq belə nəticəni fiasko adlandıra bilərik. Ancaq detallara daha dəqiq nəzər yetirsək, bu uğursuzluğun Qana üçün adət halını aldığını görərik. Axırıncı dəfə bu turniri 1982-ci ildə qazanan “Qara ulduzlar” qitə çempionatında qeyri-stabil çıxış edir. Komanda son 9 Afrika kubokunda 2 dəfə finalda oynayıbsa, iki yarışdır ki, qrup mərhələsini adlaya bilmirlər. Hazırkı heyətləri də ötən illərlə müqayisədə kasadlaşıb və bir növ nəsil dəyişikliyi prosesi gedir. Millinin ən böyük ulduzu “Kristal Pelas”da çıxış edən Adre Ayudu. 2023-cü ildə komandanın sükanı arxasına keçən ingiltərəli tanınmış mütəxəssis Kris Hyuton da bu çətin vəziyyətdən çıxa bilmədi və vəsifəsindən getdi.
Əlcəzairli azarkeşlər də bu dəfəki yarışdan həzz ala bilmədilər. Onların sevimli milliləri Anqola, Burkino Faso və Mavritaniya ilə mübarizə apardığı D qrupunda cəmi 2 xal toplayaraq, sonuncu oldu. Burada isə artıq bir neçə ildir davam edən geriləməyə şahidlik edirik. Dünya çempionatı 2014-də 1/8 finalda oynayan “səhra döyüşçüləri” 2019-cu ildə Afrika Kubokunu qazandı. Son illərdə komanda komanda uğursuzdurlar. Ötən qitə çempionatında qrupda qalan Əlcəzair Qətərdəki mundiala vəsiqə qazana bilmədi. Riad Mahrez, Sofian Fequli və İslam Slimani kimi oyunçular da artıq milliyə kömək edəcək səviyyədə deyillər. Qrupun Mavritaniyaya qarşı həlledici görüşündə hər üç futbolçunun matça ehtiyatdan başlaması komanda daxili ab-havanın yaxşı olmadığının göstəricisi idi. Əlcəzair uğursuzluun çarəsini baş məşqçisi Camal Belmadi ilə yolları ayırmaqda gördü.
Çempionatı aşağı səviyyədə keçirən başqa bir milli Əlcəzairin qonşusu Tunis oldu. Maraqlıdır ki, onlar da E qrupunda Mali, CAR və Namibiya ilə yarışda cəmi 2 xal toplayıb, sonuncu oldular. Tunis heç bir zaman zəngin heyəti ilə seçilməyib. Buna baxmayaraq, intizamlı komanda futbolu sərgiləyən “Karfagen şahinləri” hər zaman qitənin ən güclüləri arasında olub. Amma bu yarışda Tunis pley-offa vəsiqə qazanmağa layiq olmadığnı göstərdi. Bütün statistik göstəricilərə görə onlar qrupun ən zəifi idilər. Əsas problemdə hücumda hiss olunur. Son illər millinin əsas futbolçusu Vəhbi Xəzrinin gedişindən sonra komanda sanki lokomotivini itirib. Belə sönük çıxışın nəticəsinin sonuncu yer olması və Celal Kadirinin istefaya göndərilməsi normal qarşılanmalıdır.
Qarşıda isə pley-off gəlir. Kim bilir, daha neçə komandanın nəticəsi oyunlardan sonra uğursuz olaraq dəyərləndiriləcək.