27 iyul 2024. Şənbə

Əfsanəvi futbolçu, uğursuz baş məşqçi - ARAŞDIRMA - FOTOLAR


Əfsanəvi futbolçu, uğursuz baş məşqçi - ARAŞDIRMA - FOTOLAR

Frenk Lempardı haqlı olaraq dövrünün ən yaxşı və ən ağıllı yarımmüdafiəçilərindən biri hesab edirlər. “Çelsi”nin qızıl dövründə London klubunun əsas futbolçularından olan Frenkidən çoxları baş məşqçi kimi də böyük uğurlar gözləyirdi. Ancaq hadisələr daha fərqli məcrada cərəyan etdi. Əslində Lempardın yeni peşədə ilk addımlarının pis olduğunu demək olmaz. 2018-ci ildə Çempionşip təmsilçisi “Derbi Kaunti”ni çalışdırmağa başlayan Frenki mövsüm sonu bu komandanı pley-off-a çıxarda bildi və “qoçlar” yalnız həlledici görüşdə “Aston Villa”ya uduzdu. Buna baxmayaraq o yayda “Derbi”dən ayrıldı. 2019-cu ilin yayında Mauritsio Sarrinin gedişi ilə “Çelsi” boş qalan sükanını gözlənilmədən Lemparda həvalə etdi. Hazırda hadisələrin gedişini daha dəqiq analiz etdikdə bu seçimin çox erkən olduğunu anlaya bilirik. Lempard ilk mövsümündə “göylər”lə çempionatda 4-cü yeri tutsa da, növbəti il ardıcıl uğursuz nəticələrdən sonra vəzifəsindən göndərildi. 2021/2022 mövsümünün ikinci yarısında "Everton”a keçən Lempard komandanı Premyer liqada saxlaya bildi. Ancaq növbəti təqvim ilini çox pis keçirdiyinə görə bir daha işini itridi. 2023-cü ilin ikinci yarısında Qrem Potteri qovan “Çelsi” rəhbərliyi mövsüm sonuna kimi baş məşqçilik postunu Lemparda verdi. Hələki bu ingiltərəlinin son iş yeri olub. Görəsən Lempard bir daha baş məqşçi kimi adından söz etdirə biləcəkmi?

 

Frank De Bur 90-cı illər Niderland futbolunun ən önəmli simalarından biri idi. Klub futbolunda isə o “Ayaks” və “Barselona”dakı çıxışı ilə tanınırdı.  De Bur məşqçi karyerasına yetirməsi olduğu Amsterdam klubunda başladı. Mütəxəssisin “Ayaks”da məqşçi karyerası kifayət qədər uğurlu oldu. Komanda onun rəhbərliyi altında 4 dəfə ölkə çempionatını və bir dəfə də ölkə kubokunu qazandı. Ancaq o bu nəticələri daha sonrasında davam etdirə bilmədi. 2017-ci ildə “İnter”lə 3 illik müqavilə bağlayan baş məşqçi cəmi 85 gündən sonra A seriyasında və UEFA Avropa liqasında alınan pis nəticələrdən sonra klubdan göndərildi. Ardınca “Kristal Pelas”a keçən De Bur bu klubda cəmi 78 gün qala bildi. Bununla da o iş müddətinin azlığına görə Premyer Liqanın antirekorduna imza atdı. Son illərdə De Bur MLS təmsilçisi “Atlanta Yunayted”də, Nİderland milllisində və BƏƏ-nin “Əl-Cəzirə” klubunda işləyib və hər birində uğursuz olub. Əsas da AVRO 2020-nin 1/8 finalında Çexiyaya uduzan Niderlandın göstərdiyi performansı fiasko adlandıra bilərik.

 

Baş məşqçi kimi uğursuzluq yaşayan başqa bir Niderland futbolunun əfsanəsi Marko Van Bastendir. Halbuki ona inam kifayət qədər böyük idi. Bunun nəticəsidir ki, Van Bastenin çalışdırdığı ilk komanda ölkəsinin milli komandası oldu. 4 il bu vəsifədə çalışan mütəxəssis nə 2006 Dünya Çempionatında, nə də 2008 Avropa Çempionatında nəticə verə bilmədi. Sonrakı illərdə Van Basten vətənində “Ayaks”, “Herenven” və “AZ Alkmar” kimi klublarda çalışsa da, heç nə ilə yadda qalmadı. Bir müddət millinin köməkçi məşqçisi olan Van Basten 2016-cı ildə baş məqşçi karyerasını sonlandırdı.

 

2000-ci illərin ən yaxşı hücumçularından biri olan “Milan”, “Yuventus” və milli komandada böyük uğurlara imza atan Filippo İnzaqi məşqçi kimi parlaya bilmədi. Burda isə yanlış seçimin karyeraya necə təsir etdiyinin şahidi ola bilərik. İnzaqi baş məşqçi kimi ilk təcrübəsini tarixinin ən pis dövrlərindən birini yaşayan “Milan”da qazandı. Belə çətin zamanda təcrübəsiz İnzaqi komandanın nəticələrinə yaxşılaşdıra bilmədi və 2014/2015 mövsümünün sonu vəzifəsindən uzaqlaşdırıldı. Növbəti 9 ildə o “Venesiya”, “Bolonya”, “Benevento”, “Breşiya”, “Recina” kimi klublarda çalışdı. Bu dövrdə İnzaqinin ən böyük uğuru “Benevento” ilə qazandığı B Seriyası çempionluğu olub. Hazırda isə o İtaliya A seriyasında qalmağa çalışan “Salernitana”da işləyir.

“Mançester Yunayted”in əfsanəsi Ueyn Runi də baş məşqçi qismində gözləntiləri doğrultmur. Həmyerlisi Lempard kimi o da, karyerasına “Derbi”də başlamışdı. Onun rəhbərliyi altında komanda 2020/2021 mövsümündə Çempionşipdə 21-ci olub, aşağı liqaya yuvarlanmaqdan qurtuldu. Ancaq növbəti mövsümü uğursuz keçirən “Derbi” birinci liqaya düşdü və Runinin müqaviləyə xitam verildi. Onun növbəti iş yeri “DS Yunayted” oldu. Lakin komanda Şərq Konfransını axırıncı yerdə bitirdiyinə görə baş məqşçi ilə yollar ayrıldı. Runi son dəfə “Birminqem Siti”də çalışıb. Burda da ingiltərəli yalnız pis nəticələrlə yadda qalıb. 15 oyuna cəmi 2 qələbə qazanan Birminqem klubu bu ilin yanvarın ikisində Runini istefaya göndərib.  

 

Bununla yanaşı Rud Qullit, Lotar Mateus, George Haci, Cennaro Qattuzo, Andrea Pirlo, Stiven Cerard kimi məşhur futbolçular da eyni uğurları baş məşqçilikdə qazana bilməyiblər. Əlbəttə ki, Cerard və Pirlonun vəziyyəti yaxşılaşdırmaq üçün hələ şansları var. Lakin bunu da, bilməliyik ki, hər yaxşı futbolçudan yaxşı məşqçi olmur.







Xəbər news