- Xəbər news
- 22:34 14.11.2024
1994-cü ildə Parisdə dünyaya göz açan Sebastyen Alle karyerasına Fransanın “Oser” komandasında başlayıb. 2011-ci ildə ilk peşəkar müqaviləsini bu klubla imzalayan futbolçu əsas heyətdə debütünü 27 iyul 2012-ci ildə “Nim Olimpik”ə qarşı oyunda edib. “Oser” forması ilə ilk qolunu isə Alle 2013-cü ilin 1 martında “Arl-Avinyon”la qarşılaşmanın 28-ci dəqiqəsində vurub. 2014-cü ilin sonunda hücumçu Niderlandın “Utrext” kollektivinə icarəyə verildi. Ardınca Kot-d`İvuar əsilli forvard bu kluba transfer olundu. Buradakı yaxşı çıxışı ilə diqqətləri üzərinə çəkən və “Utrext” forması ilə çıxdığı 98 oyunda 51 qol vuran və 16 assistlik performans göstərən Alleni 2 il sonra “Ayntraxt” öz heyətinə qatdı. Hücumçunun da 4 oyunda vurduğu 5 qolla “qartallar” son 30 il ərzində ilk dəfə Almaniya kubokunu qazandılar. Frankfurt təmsilçisinin heyətində keçirdiyi 77 matçda 33 qol və 19 məhsuldar ötürmə ilə yadda qalan forvard 2019/2020-ci illər mövsümü öncəsində 40 milyon avro qarşılığında İngiltərə Premyer Liqası təmsilçisi “Vest Hem”ə transfer olundu. Lakin onun İngiltərə macərası elə də uğurlu alınmadı və Alle 1 il sonra yenidən Niderlanda qayıtdı. Sebastyen bu dəfə “Ayaks”a keçir və burada küllərindən yenidən canlanan Alle 66 matçda 47 dəfə fərqlənir. Onun xüsusən həmin mövsüm UEFA Çempionlar Liqasında mükəmməl çıxışını da fərqləndirmək lazımdır. Belə ki, Alle Avropanın əsas klub turnirinin qrup mərhələsinin bütün oyunlarında fərqlənərək 2017/18-ci illər mövsümündə Kriştianu Ronaldodan sonra bunu edən ikinci oyunçuya çevrildi. Həmçinin hücumçu turnir tarixində 10 qol səddinə ən tez çatan oyunçu adına yiyələndi. Forvardın bu yüksələn performansı Avropa nəhənglərinin diqqətindən qaçmadı.
2022/2023-cü illər mövsümünün əvvəlində Alle 31 milyon avro qarşılığında “Borussiya Dortmund”a transfer olundu. Lakin oyunçu üçün həyatının ən çətin dönəmi məhz bundan sonra başladı. Belə ki, hücumçuda xərçəng xəstəliyi aşkarlandı. Lakin Alle xəstəliyə təslim olmadı və sonadək mübarizə aparacağını açıqladı. Xərçəngin bədənində yayılmasına nəzarət etmək üçün iki cərrahiyyə əməliyyatı və dörd dövr kimya terapiyası keçirdi. Müalicələrini müvəffəqiyyətlə başa vurduqdan sonra, 2023-cü ilin yanvarında Alle Dortmund klubunda məşqlərə qoşuldu, yanvarın 10-da isə 8 aylıq fasilədən sonra “Fortuna Düsseldorf”a qarşı yoldaşlıq matçına çıxdı. Cəmi 3 gün sonra Alle “Bazel”ə qarşı yoldaşlıq oyununda 8 dəqiqəyə het-trik edərək əla formada olduğunu bütün dünyaya nümayiş etdirdi. Xərçəngə qalib gələn qəhrəmanın milli karyerası da yetərincə maraqlıdır. 2016-cı ilədək Fransa millisinin bütün yaş qruplarında forma geyinən Alle 2020-ci ildə Kot-d`İvuar Futbol Federasiyasının müraciətindən sonra tarixi vətəninin təklifini qəbul etdi. Məhz bu qərar onu cəmi bir neçə gün öncə yekunlaşan Afrika Millətlər Kubokunda yığmasının çıxışına bilavasitə təsir göstərən və adını bu Qərbi Afrika ölkəsinin futbol tarixinə yazdıran futbolçulardan birinə çevirdi. Həm yarımfinalda Konqo Demokratik Respublikasını finala daşıyan yeganə qolu, həm də həlledici görüşdə Nigeriyanın qapısına qələbə topunu vuran Alle Kot-d’İvuarın tarixində 3-cü dəfə Afrika Millətlər Kuboku çempionluğunu əldə etməsində böyük pay sahibi oldu.
Bu gün Sebastyen Alle milyonlarla insan üçün sadəcə meydanda deyil, ondan kənarda da həyat uğrunda aparılan mücadilənin simvollarından biridir. Məhz belə hekayələr mübarizə aparmaq üçün motivasiya tapmaqda çətinlik çəkən şəxslərə nümunə rolunu oynamağa və futbolun bir idmandan daha artıq olduğunu göstərməyə qadirdir.