- Xəbər news
- 22:34 14.11.2024
1994-cü ildən etibarən Azərbaycan klublarının avrokuboklara yolu açıldı. Bu müddətdə çox sayda klublar qitə arenalarında özlərini göstərdilər. Lakin ən böyük nəticələr 2012-ci ildən başlayır. Həmin vaxt Azərbaycanın ən köklü klubu “Neftçi” bir ilkə imza atdı. O vaxt Kiprin APOEL komandasını mübarizədən kənarlaşdıran təmsilçimiz UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı.
90deqiqe.az xəbər verir ki, bundan sonra digər klublar səhnəyə çıxdılar. “Qəbələ” ardıcıl iki mövsüm bütün mərhələləri aşaraq eyni turnirin qruplarına yüksəlməyi bacardı.
Təbii ki, əsas nəticələr “Qarabağ”ın adı ilə bağlıdır. İlk dəfə 2014-cü ildə avroliqanın qrupuna yüksələn Ağdam təmsilçisi, Qarabağ adını avrokuboklarda səsləndirdi. Qruplarda ilk qələbəni də məhz onlar qazandılar. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Ukraynada “Dnepr”in qonağı olarkən Muarem Muaremin yeganə qolu sayəsində 3 xal əldə etdi. Bu həm də komandanın qruplarda ilk qolu idi. Təmsilçimiz “İnter”lə son matçda qrup səddini aşmağa yaxın olsa da, hakimin təmiz qolu saymaması bu istəyin reallaşmasına əngəl oldu. Növbəti ilk isə bir il sonra qeydə alındı. Belə ki, klublarımızın ilk ev qələbəsi də Qurban Qurbanovun komandasının aktivinə yazıldı. Təmsilçimiz “Anderlext”lə ev oyununda Riçard Almeydanın yeganə qolu sayəsində 3 xal əldə etdi.
2016-cı ildə isə eyni rəqib üzərində iki dəfə qələbə qazanmaqla yaddaşlarda qaldı. Lakin sonda qrup səddini aşan tərəf PAOK oldu.
2017-ci il isə təmsilçimiz ən böyük tarixi yazdı. Pley-offda “Kopenhagen”i mübarizədən kənarlaşdıran “köhlən atlar”, qitənin ən nüfuzlu turniri, UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Burada “Çelsi” “Roma” və “Atletiko Madrid” kimi nəhənglərlə mübarizə aparan “Qarabağ” Avropada adından söz etdirməyi bacardı. “Roma” ilə görüşdə fərqlənən Pedro Enrike turnirdə ilk qolumuzun müəllifi oldusa, Madrid təmsilçisi ilə hər iki matçda bərabərlik, ilk xalların qazanılması ilə yekunlaşdı.
2019-ci ildə daha bir maraqlı nəticə qeydə alındı. Lüksemburqun “Düdelanj” komandası üzərində 4:1 hesablı qalibiyyət, təmsilçimizin ilk dəfə qrup mərhələsində böyükhesablı nəticəsi oldu.
2021-ci ildə yeni yaradılmış UEFA Avropa Konfrans Liqasının qrupunda çıxış edən “Qarabağ” ardıcıl 3 qələbə ilə yadda qaldı. Üstəlik, avrokuboklarda ilk dəfə qrup səddini də aşmağı bacardı.
2022-ci ildə isə mübarizəyə UEFA Avropa Liqasında başlayan Ağdam təmsilçisi, qrupda 3-cü yeri tutaraq Konfrans liqasına yollandı. Pley-offda Belçikanın “Gent” kollektivi ilə qarşılaşan Qurban Qurbanovun komandası ilk görüşdə qələbə qazansa da, cavab matçında həm əsas vaxtda, həm də penalti seriyasında uduzaraq mübarizəni dayandırdı.
Bu mövsüm də “Qarabağ” yazdığı tarixlərə daha birini əlavə etdi. Təmsilçimiz ilk dəfə UEFA Avropa liqasının pley-off mərhələsinə yüksəldi. Rəqib isə Portuqaliyanın “Braqa” komandası olacaq. İnanırıq ki, bizi qarşıda hələ çox ilklər gözləyir.