- Xəbər news
- 22:34 14.11.2024
Bu il təşkil olunancaq Paris Olimpiadasında 6 aydan bir qədər artıq müddət qalıb. Buna baxmayaraq, lisenziya yarışları davam etməkdədir. 9 idmançımız 4 illiyin ən böyük yarışına vəsiqəni təmin edib. Bununla yanaşı, bir çox idmançımızın Parisə yollanmaq şansları yüksəkdir.
2024 -cü il yay Olimpiya oyunlarına artıq 9 idmançımız lisensiziyanı təmin edib. Yunan-Roma güləşçilərimiz Sənan Süleymanov və Həsrət Cəfərov, sərbəst növdə mübarizə aparan Maqomedxan Maqomedov dünya çempionatında uğurla çıxış edərək Fransaya yollanmağı təmin ediblər. Digər pəhləvanlarımızı isə ölkəmizdə keçiriləcək Avropa təsnifat turniri və isə İstanbulda keçiriləcək dünya təsnifat yarışı gözləyir.
Əsas medal ümidlərimizdən olan cüdoçularımızın mötəbər yarışa qatılması üçün iyun ayının 24-nə olan reytinq cədvəlində ilk 17-likdə qərarlaşması kifayətdir. Hazırda 10 təmsilçimiz lisenziya zonasındadır. Onlardan 7-si kişi, 3-ü qadındır. Zərif cinsin nümayəndələrinin daha çox vəsiqə təmin etməsi olduqca vacibdir. Çünki onların lisenziyaları çox olarsa, cüdoçularımızın qarışıq komanda yarışlarında iştirak etmək şansı da artacaq.
Boksda hazırkı duruma görə, vəziyyət pis deyil. Ötən il Polşanın Krakov şəhərində təşkil olunan Avropa oyunlarını medalla bitirən Murad Allahverdiyev və Məhəmməd Abdullayev də Paris biletini təmin ediblər. Qalan dəri əlcək ustalarımızı isə iki dünya təsnifat turniri gözləyir. İlk yarış İtaliyanın Busto Arsitsio şəhərində 29 fevral -12 mart tarixində olacaq. Növbəti turnir isə mayın 9 və 10-u Sofiyada keçiriləcək. Uğurlar lisenziyaların sayını xeyli artıra bilər.
Son olimpiadalara daim qatılan gimnastikaya ümidlər az deyil. Bədii gimnastımız Zöhrə Ağamirova olimpiadaya iştirakını artıq təmin edib. Qrup alətində iştirak üçün təmsilçilərimiz Aprelin 23-27-də İspaniyanın Valensiya şəhərində keçiriləcək Avropa çempionatında uğurlu çıxış etməlidir. Turnir yalnız bir lisenziya verir. İdman gimnastlarımız və trampolinçilərimiz 4 illiyin mötəbər yarışına qatılması üçün dünya kuboku seriyası yarışlarında və qitə birinciliyində uğurlu olmalıdır.
Atıcımız Ruslan Lunyov olimpiada ötən il keçirilən Avropa Çempionatında lisenziya qazanıb. Qalan atıcılarımızın vəsiqə qazanması üçün qarşıda bir sıra yarışlar gözləyir.
Yüngül atletimiz Anna Skidannın Parisdə mübarizə aparacağı dəqiqdir. Ümumiyyətlə, atletlərimizin vəsiqəni qazanması üçün tələb edilən nəticəni keçməli və ya dünya reytinqində lazımı pillələrdə yer almalıdır. Eyni qayda üzgüçülük yarışlarına da şamil edilir.
Son iki Yay Olimpiaya oyunlarında ölkəmizi təmsil edən triatlon Rostislav Pevtsov bu il də Parisə yollanmaq ümidindədir. Hazırda idmançımız 45-ci sırada qərarlaşan idmançımızın birbaşa Olimpiadaya yollanmaq şansı xeyli yüksəkdir.
Ötən olimpiya oyunları badminton da lisensiya qazandığımız idman növü kimi tarixə düşdü. Bu il də uğurun davamı gələcəyi gözlənir. Badmintonda lisensiya qazanmaq üçün olimpiya reytinqində ilk 36-lıqda olmaq lazımdır. Edi Resxi Dviçao hal -hazırda 27-cidir.Qadın badmintonçumuz Keyşa Fatimə Zəhra da eyni pillədədir. Mövcud situasiyaya baxsaq, bu idmançılarım Paris biletini demək olar ki, təmin ediblər.
Ağırlıqqaldıranlarmız lisenziya qazanmaq üçün məşəqqətli yol gözləyir. Belə ki, olimpiadaya dünya reytinqinin ilk onluğu vəsiqə qazanır. Ən yüksək reytinqli idmançımız son Avropa çempionu Dadaş Dadaşbəylidir.
Qılıncoynatma növündə 2024-cü il Paris Olimpiadasında medal ümidindəyik. Sablyaçılarımızın komanda şəklində mötəbər turnirə qatılmaq şansı var. İlk dördlüyün vəsiqə qazandığı sıralamada yığmamız 10-cudur. Sablyaçıların fərdi reytinqinə gəldikdə isə ən yüksə nəticə Anna Baştaya məxsusdur. 27 yaşlı idmançı 19-cu sıradadır. Mövcud vəziyyəti analiz etsək, Başta Parisə yollanmaq üçün mütləq Zona turnirini qalib bitirməlidir.
Tariximizdə ilk dəfə komanda idman növlərində lisenziya qazana bilərik. Bu uğura 3-ün 3 növündə qadın basketbol yığmamız nail ola bilər. Onlar qarşıdakı iki təsnifat turnirində bu xəyalı reallaşdıra bilərlər.
Beləliklə, idmançılarımızı dördillyin ən mötəbər yarışına qatılmaq üçün çətin və məşəqqətli yol gözləyir. Ümid edək ki, təmsilçilərimiz bu ağır işindən öhdəsindən müvəffəqiyyətlə gələrək, Rio-de Janeyro olimpiadasındakı 56 lisenziyalıq rekordu yeniləyəcəklər.