22 oktyabr 2024. Çərşənbə axşamı

İdman jurnalistləri arasında futbol turniri başlayıb


İdman jurnalistləri arasında futbol turniri başlayıb

İdman media nümayəndələri arasında futbol yarışının açılış mərasimi keçirilib.

90deqiqe.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin birgə təşkil etdiyi yarış Bakı Olimpiya Stadionunda təşkil olunub.

Açılış mərasimində Gənclər və İdman Nazirliyinin idman sektorunun müdiri Elnur Məmmədov, AFFA-nın baş katibi Sərxan Hacıyev iştirak edib.

Tədbirdə öncə Dövlət Himni səsləndirilib.

Mərasimi giriş sözü ilə açan Məmmədov artıq idman həftəsinə start verildiyini vurğulayıb: “İlk tədbirimiz futbol turniridir. 5 Mart ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu cür tədbirlər təkcə Bakıda deyil, eyni zamanda, regionlarımızda da təşkil olunacaq. Futbol dedikdə “Qarabağ”mızın qələbəsini qeyd etmək lazımdır. Media nümayəndələrimizin bu qələbəylə bağlı paylaşımları saysız-hesabsız oldu. Dövlətin idman siyasətinin həyata keçirilməsində idman jurnalistlərinin rolu böyükdür”.

AFFA-nın baş katibi 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə iştirakçıları təbrik edib: “Hər birinizə bu yarışda uğurlar arzu edirik. Hər zaman sizlər idmanımızı işıqlandırırsız, bu dəfə isə biz bunu yerinə yetirəcəyik. Futbol deyəndə, “Qarabağ” yada düşür. Artıq Ağdam təmsilçisi çıxdığı hər oyunda bir tarix yazır. 1/8 finalda püşk onların qarşısına çətin rəqib çıxarsa da, artıq biz buna pis olmuruq. Hər bir komandaya uğurlar arzulayıram. Qoy güclü qalib gəlsin”.

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə “İdman həftəsi” çərçivəsində keçiriləcək turnirdə 6 komandada mübarizə aparacaq.

Rəsmi çıxışlardan sonra futbol turnir açıq elan edilib.







Xəbər news