27 iyul 2024. Şənbə

KİV nümayəndələri arasında 10 metr məsafəyə atəşaçma üzrə yarış keçirilib


KİV nümayəndələri arasında 10 metr məsafəyə atəşaçma üzrə yarış keçirilib

Milli Olimpiya Komitəsinin və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində media nümayəndələri arasında pnevmatik idman tapançasından 10 metr məsafəyə atəşaçma üzrə yarış keçirilib.

Novruz bayramına həsr olunmuş yarışda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Huseynzadə, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftaxetdinova, Olimpiya, dünya və Avropa çempionları ilə yanaşı, tanınmış idmançılar da iştirak ediblər. Açılış mərasimindən öncə dövlət himni səsləndirilib. Turnirin açılış mərasimində çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinova, Azərbaycan Ədalətli Oyunlar Hərəkatının sədri Xəzər İsayev yarışla bağlı məlumat veriblər. Rəsmi çıxışlardan sonra "Sportsman" jurnalının adından Milli Olimpiya Komitəsinə və Azərbaycan Atıcılıq Federasiyasına xüsusi hədiyyələr təqdim olunub.

Mərasimdə daha sonra incəsənət nümayəndələrinin iştirakı ilə musiqi nömrələri nümayiş olunub.

Media nümayəndələri yarış haqda məlumatlandırıldıqdan sonra isə turnirə start verilib.

“Olimpiya dünyası” qəzeti, “Sportsman” jurnalı, “olympic.az” və “brendsport.az” saytının informasiya dəstəyi ilə keçirlən yarışda birinci yerə 65 xal toplayan Ləman Quluzadə ("sabahinfo.az" saytı) layiq görülüb. ARB telekanalının əməkdaşı Eltürk Həsənli 65 xal toplasa da, əlavə göstəricilərə görə ikinci yerlə kifayətlənib. 10 atışdan 64 xal toplayan “CBC Sport” telekanalının əməkdaşı Zaur Abbasov ilk üçlükdə qərarlaşıb.







Xəbər news