13 oktyabr 2024. Bazar günü

Rövnəq Abdullayevin dövrü nə ilə yadda qaldı?


Rövnəq Abdullayevin dövrü nə ilə yadda qaldı?

AFFA SON 16 İLDƏ

RÖVNƏQ ABDULLAYEV DÖVRÜ NƏLƏRLƏ YADDA QALDI?

2008-ci il martın 14-də AFFA tarixində 3-cü dəfə prezident seçkiləri keçirildi və bu posta Rövnəq Abdullayev gəldi. Onun rəhbərlik etdiyi 16 il ərzində Azərbaycan futbolunda bir sıra vacib dəyişikliklər baş verdi. Elə həmin il iyunun 13-də AFFA prezidenti Rövnəq Abdullayev tərəfindən Peşəkar futbol Liqası yaradıldı. Qurum futbol üzrə Azərbaycan çempionatı, Azərbaycan Kuboku və aşağı liqaların təşkilatçılığına cavabdehlik daşımağa başladı.

Futbolun inkişafı və kütləviləşməsi üçün atılan addımlar sırasında yeni stadionların tikintisi xüsusi qeyd olunmalıdır. 2011-ci il iyunun 6-da o vaxtki FIFA prezidenti Yozef Blatter, UEFA prezidenti Mişel Platini və AFFA prezidenti Rövnəq Abdulayevin iştirakı ilə “Dalğa Arena”nın – indiki adı ilə “Liv Bona Dea Arena”nın açılış mərasimi baş tutdu. 2012-ci ildə futbol məbədimiz Tofiq Bəhramov adına Respublika stadionunda əsaslı təmir və yenidənqurma işləri aparıldı. Yenidənqurma işlərindən sonra stadiondakı tamaşaçı sayı 31 minə çatdırıldı. Eyni ildə “Neftçi”nin ev oyunlarını keçirdiyi "8-ci km stadionu" azarkeşlərin istifadəsinə verildi. 3 il sonra BAKI-2015 Avropa Oyunlarının açılışı üçün 65 min azarkeşin stadiondan canlı baxa biləcəyi Bakı Olimpiya stadionu istifadəyə verildi. 2021-ci ildə tikilib istifadəyə verilən Şamaxı Şəhər stadionunu da bu siyahıya aid etmək olar. Stadion 3200 tamaşaçı tutumuna malikdir. Bundan başqa, “Turan Tovuz” klubunun nəzdində AFFA tərəfindən futbol akademiyası inşa edildi. Bu ilin martında isə “Kəpəz” futbol akademiyasının açılışı oldu.

İnfrastrukturun yüksək səviyyəyə gəlməsi ölkəmizə etimadı artırdı. Bu müddətdə Azərbaycanda 17 yaşadək qadınların dünya çempionatı, 17 yaşadək oğlanların Avropa çempionatı keçirildi. 2019-cu ildə UEFA Avropa Liqasının finalı ölkəmizə həvalə edildi. AVRO-2020-nin isə 4 matçı Bakıda təşkil edildi.

Geridə alan 16 il ərzində klublarımızın avrokuboklardakı uğurlu çıxışı da diqqət çəkdi. “Neftçi” 2012/2013 mövsümündə UEFA Avropa Liqasında qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşdü. “Qəbələ” 2015/2016 və 2016/2017 mövsümlərində eyni turnirin qrup mərhələsində mübarizə apardı. İlk dəfə 2014/2015 mövsümündə avrokubokların qrup mərhələsində debüt edən “Qarabağ” isə o vaxtdan indiyədək bir sıra tarixi nəticələrlə yadda qaldı. 2017/2018-ci ildə Çempionlar Liqasının qrupuna yüksələn Ağdam klubu bu mövsüm Avropa Liqasının 1/8 finalına qədər yüksəlməyi bacardı. Bu da Azərbaycan futbolu üçün bir ilk idi.

Azərbaycan millisinə gəlincə, Rövnəq Abdullayevin AFFA prezidenti olduğu 16 il ərzində yığmada 6 baş məşqçi işləyib. Berti Foqts, Robert Prosineçki, Nikola Yurçeviç, Canni de Byazi kimi xarici mütəxəssislərlə yanaşı, Qurban Qurbanov və bu posta müvəqqəti gətirilən Mahmud Qurbanovu da qeyd etmək lazımdır. Bu müddət ərzində milli komandamız ciddi uğurlarla yadda qalmayıb. Lakin seçmə mərhələlərdə ən yüksək xal da məhz bu vaxt yığılıb. Belə ki, millimiz DÇ-2018-in seçmə mərhələsində 10 xal topladı.

Bundan başqa, sıfırdan yaradılan qadın futbolunun qısa zaman kəsiyində inkişaf etməsi və UEFA Millətlər Liqasında C Liqasından B liqasına yüksəlməsi diqqətdən qaçmadı. Bölgələrə böyük futbolun qayıdışı, AFFA Region liqasının yaradılması da müsbət məqamlardandır.







Xəbər news