- Xəbər news
- 22:34 14.11.2024
Bu il təşkil olunacaq Paris-2024 Yay Olimpiya Oyunlarının başlamasına cəmi 107 gün qalıb. Buna baxmayaraq, lisenziya yarışları davam etməkdədir. Artıq 16 idmançımız 4 illiyin ən böyük yarışına vəsiqəni təmin edib. Bəs qarşıda hələ Parisə yollanmaq hüququ əldə etməmiş idmançılarımızı lisenziya qazanmaq üçün hansı turnirlər gözləyir?
90deqiqe.az saytı olaraq bu barədə araşdırma etmişik.
Əsas medal ümidlərimizdən olan cüdoçularımızın mötəbər yarışa qatılması üçün iyun ayının 24-nə olan reytinq cədvəlində ilk 17-likdə qərarlaşması kifayətdir. Hazırda lisenziya zonasında olan kişi və qadın təmsilçilərimizdən bir neçəsinin lisenziya üçün şasnları qalmaqdadır. Xüsusilə, qadınların daha çox vəsiqə təmin etməsi olduqca vacibdir. Çünki onların qazandıqları vəsiqlələrin sayı çox olarsa, cüdoçularımızın qarışıq komanda yarışlarında iştirak etmək fürsəti də artacaq. Mayın 19-dan 23-dək Əbu-Dabidən təşkil olunacaq Cüdo üzrə Dünya Çempionatı Paris-2024-ə təsnifat xarakterli sonuncu turnirdir. Olimpiadaya seçim reytinq əsasında aparılır. Dünya çempionatı bu yolda sonuncudur. Buna görə də Birləşmiş Ərəb Əmirliklərində xal toplamaq və turnir cədvəlindəki mövqeyi möhkəmləndirmək üçün son şansdır. Təbii ki, dünya çempionatında medallar üçün də mübarizə aparılacaq.
Boksda hazırkı duruma görə, vəziyyət pis deyil. Ötən il Polşanın Krakov şəhərində təşkil olunan Avropa oyunlarını medalla bitirən Murad Allahverdiyev və Məhəmməd Abdullayev Paris biletini təmin ediblər. İtaliyanın Busto-Arsitsio şəhərində keçirilən I Dünya Təsnifat Turnirində Nicat Hüseynov boks üzrə üçüncü lisenziyanı əldə etdi. Sırada Parisə yeni vəsiqələrin əldə edilməsi üçün son turnir qalır. Mayın 23-dən iyunun 5-dək Banqkok-da keçiriləcək Boks üzrə İkinci Dünya Təsnifat Turnirində lisenziyaların sayını artırmaq imkanı mövcuddur. Fransaya qazanılan vəsiqə sayı İtaliyadakı əvvəlki turnirlə təxminən eyni olacaq. Bəzi kateqoriyalarda ilk “4-lük”, digərlərində isə ilk “3-lüy”ə düşənlər və ya finalçılar Parisə yollanacaqlar.
Tariximizdə ilk dəfə komanda idman növlərində lisenziya qazana bilərik. Bu uğura 3-ün 3-ə basketbol növündə qadın yığmamız nail ola bilər. Onlar aprelin 12-dən 14-dək Honkonqda keçiriləcək təsnifat turnirində bu xəyalı reallaşdıra bilərlər. Bu yarışda qrup mərhələsində yığmamız Niderland, Monqolustan və Çili ilə oynayacaq. “Dördlüy”ün ən yaxşı iki komandası yarımfinala yüksələcək və yekunda qalib vəsiqə əldə edəcək. Lakin burdada da idmançılarımız vəsiqəni təmin edə bilməsələr, mayın 16-sı-19-u aralığında Macarıstanın Debretsen şəhərində sonuncu təsnifat xarakterli yarış olacaq. Bu turnirin isə qrup mərhələsində Azərbaycan millisi Almaniya, Polşa və Tunislə qarşılaşacaq. Kvartetlərdə ilk iki yeri tutan kollektivlər mərhələ adlayacaq və yekunda 3 lisenziya sahibini tapacaq.
Qılıncoynatma da lisenziya əldə edəcəyimiz təqdirdə medal ümidində olduğumuz idman növlərindəndir. Sablyaçılarımızın komanda şəklində mötəbər turnirə qatılmaq şansı var. İlk dördlüyün vəsiqə qazandığı sıralamada yığmamız 10-cudur. Qılıncoynadanların fərdi reytinqinə gəldikdə isə ən yüksə nəticə Anna Baştaya məxsusdur. 27 yaşlı idmançı 19-cu sıradadır. Mövcud vəziyyəti analiz etsək, qarşıda onu 26-28 aprel tarixlərində Lüksemburqun Differdanş şəhərində Avopa zonası üzrə təsnifat turniri gözləyir. Maraqlıdır ki, Yalnız yarışı qalib kimi tamamlayan qılıncoynadan Paris-2024-ə vəsiqə əldə edə biləcək.
Son olimpiadalara daim qatılan gimnastikaya da ümidlər az deyil. Bədii gimnastımız Zöhrə Ağamirova və batut gimnastımız Selcan Mahsudova Yay Olimpiya Oyunlarında iştirakını artıq təmin edib. Qrup alətində iştirak üçün Zöhrə Ağamirova aprelin 23-27-də İspaniyanın Valensiya şəhərində keçiriləcək Avropa çempionatında uğurlu çıxış etməlidir. Turnir yalnız bir lisenziya verir. İdman gimnastlarımız və trampolinçilərimiz 4 illiyin mötəbər yarışına qatılması üçün dünya kuboku seriyası yarışlarında və qitə birinciliyində uğurlu olmalıdır. Digər idmançılarımızın üçün də lisenziya fürsəti var. Aprelin 17-20-də Dohada bədii gimnastika üzrə Dünya kubokunun final mərhələsi, 24-28-də isə Budapeştdə bədii gimnastika üzrə Avropa Çempionatı keçiriləcək. Qətərdə təşkil olunacaq Dünya Kuboku seriyasının ümumi nəticələrinə əsasən, hər bir hərəkətdə ən yaxşı iki gimnast Olimpiadaya lisenziya alacaq. Macarıstanda isə çoxnövçülükdəki nəticələrinə əsasən, fərdi və qrup komanda yarışlarında bir vəsiqə veriləcək. O cümlədən, idman gimnastikası üzrə də lisenziya şansları mövcuddur. Mayın 24-28-də İtaliyanın Rimini şəhərində kişilər arasında keçiriləcək idman gimnastika üzrə Avropa çempionatı turnirində çoxnövçülüyün nəticələrinə əsasən, bir lisenziya veriləcək. Mayın 2-dən 5-dək yenidən Riminidə təşkil olunan qadınlar arasında idman gimnastika üzrə Avropa çempionatı isə çoxnövçülüyün nəticələrinə əsasən daha bir lisenziya qazanmaq fürsəti mövcud olacaq.
Beləliklə, idmançılarımızı dördillyin ən mötəbər yarışına qatılmaq üçün çətin və məşəqqətli yol gözləyir. Ümid edək ki, təmsilçilərimiz bu ağır işindən öhdəsindən müvəffəqiyyətlə gələrək, Rio-de Janeyro olimpiadasındakı 56 lisenziyalıq rekordu yeniləyəcəklər.