- Xəbər news
- 22:34 14.11.2024
Gənc, dinamik və əyləncəli komanda idman növü 3-ə 3 basketbol ilk dəfə Tokio Yay Olimpiya oyunlarının proqrama daxil edilib. Ardıcıl ikinci Olimpadada basketbolsevərlər eyni həyəcana şahidlik edəcəklər. Son illərdə Azərbaycanın qadın basketbol komandaları 3-ə 3 basketbolda təqvim yarışlarında uğurlu nəticələrə imza atırlar. Ortaya belə bir sual çıxır: Paris Olimpiadasında bu növ üzrə iştirakımız baş tuta bilərmi? Əvvəla, onu demək lazımdır ki, Fransa paytaxtında təşkil edilən 4 illiyin ən nüfuzlu multiidman tədbirində 3-ə3 basketbol üzrə qadınların mübarizəsində 8 komanda mübarizə aparacaq. Onlardan 3-ü artıq məlumdur. Ev sahibi Fransa ilə yanaşı, ən yüksək reytinqli komandalar - Çin və ABeŞenin Olimpiadada iştirakı dəqiqləşib. Digər 5 vakant yer isə Olimpiya təsnifat turnirilərinin nəticələrinə əsasən öz sahiblərini tapacaq. Həmin yarışlardan ilki Honq-Konqda keçiriləcək. Burada qüvvəsini sınayacaq 8 kollektivdən biri də Azərbaycan komandasıdır. Bu gündən başlayaraq aprelin 14-dək davam edəcək Olimpiya təsnifat yarışında ev sahibi Honq-Konq və Azərbaycanla yanaşı, Macarıstan, Niderland, Polşa, Misir, Monqolustan və Çili yığmaları da qüvvəsini sınayır. Dünya reytinqində 12-ci sırada qərarlaşan Azərbaycanın qadın milllisi favoritlərdən hesab olunur. Təsnifat turnirində qrup rəqiblərimizdən yalnız Niderland seçməsi reytinq cədvəlində bizdən öndədir. Monqolustan və Çilini isə üstələyirik. Son Avropa Çempionları ilə yanaşı, digər qrupdan Macarıstan və Polşanı da əsas rəqiblərimizdən saymaq olar. Belə olan halda komandamızın uğurlu nəticə əldə etmək ehtimalı artır.
Komandamızın üzvlərinə gəlincə, heyətdə Renara Hayes, Aleksandra Mollenhauer, Dina Ulyanova və Mersedes Volker yer alır. Onlardan ikisi - Hayes və Volker milliləşdirilmiş idmançılardır. Lakin digər 2 basketbolçunun ölkəmizlə birbaşa bağlılığı var. 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəylik Oyunlarının qalibi olan Dina Ulyanova Azərbaycan paytaxtında dünyaya gəlib. Məhz ölkəmizdə bu idman növünün sirlərini öyrənən Dina daha sonra karyerasına ölkə xaricində davam etdirib. Bir neçə ildir klub səviyyəsində “Neftçi”də çıxış edən Ulyanova milli komandamızın da şərəfini qoruyur. Onunla bərabər bu yolda addımlayan Aleksandra Mollenhauerin də Azərbaycanla bağları var. Çox kiçik yaşlardan valideynləri ilə birgə ölkəmizə gələn Aleksandra özünü azərbaycanlı hiss etdiyini hər dəfə qeyd edir.
İndiyədək yay olimpiya oyunlarında komanda idman növlərində iştirak etməyən ölkəmiz üçün belə bir fürsətin olması kifayət qədər böyük maraq doğurur.