27 iyul 2024. Şənbə

Bu il medal həsrəti bitəcək? - ARAŞDIRMA


Bu il medal həsrəti bitəcək? - ARAŞDIRMA

Bu il Parisdə keçiriləcək Yay Olimpiya oyunlarına artıq 100 gün qalıb. Adətən ənənəvi idman növlərində uğurlu olan ölkəmiz bu mötəbər yarışa da ciddi hazırlaşır. Qılıncoynadanlarımız hələ ki lisenziya qazanmaq uğrunda mübarizə aparırlar.

90deqiqe.az xəbər verir ki, Azərbaycanda qılıncoynatma sovet illərində məşhurluq qazanmağa başlayıb. Bu dövrdə ölkə idmançıları SSRİ-nin yığmasının tərkibində beynəlxalq yarışlarda iştirak edirdilər. Azərbaycan qılıncoynatma məktəbinin ən böyük uğuru 1988-ci ildə Seulda təşkil edilən Yay Olimpiya Oyunlarında qazanılıb. Həmyerlilərimiz İlqar Məmmədov və Boris Koretskinin də olduğu rapira növü üzrə sovet komandası bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Hər iki idmançı növbəti il həm də ABŞ-ın Denver şəhərində keçirilən dünya çempionatının qalibi oldular. 1990-cı ildə isə sablyaçı Samir İbrahimov dünya birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar. Moskvanın ÇSKA klubunda çıxış edən İlqar Məmmədov sonrakı illərdə Rusiya millisinin heyətində mübarizə aparıb və 1996-cı il Atlanta olimpiadasında ikinci dəfə qızıl medal qazanıb.

Müstəqilliyin ilk illərində bir çox idman növündəki kimi qılıncoynatmada da durğunluq yaranıb. Buna baxmayaraq, Atlanta 96-da ölkəmiz Elxan Məmmədovla təmsil olunub. 1/16 finalda uduzan Məmmədov 40-cı pilləni tutub. 2000-ci illərdən etibarən bu sahədə müəyyən canlanma yaranıb. 2004 Afina yay olimpiya oyunlarına qatılan Yelena Jemayeva mübarizəni 7-ci yerdə başa vurub.  2010-cu ildə Bakının qılıncoynatma üzrə dünya kubokuna ev sahibliyi etməsi bu idmanın kütləviləşməsinə böyük təkan verib. Həmin yarışda qadınlarda Sevil Bünyatova, kişilərdə isə Murad Əliyev qızıl medal qazanıb. 2012 London olimpiadasına Azərbaycan bir qılıncoynadanla qatılıb. 1/8 finala kimi irəlləyən sablyaçı Səbinə Mikina sonda 9-cu yeri tutub. 2016 Rio oyunlarında da mübarizə aparan Mikina bu dəfə mübarizəni ilk mərhələdə dayandırıb. Növbəti 4 illin ən böyük yarışında da ölkəmizi bir sablyaçı təmsil edib. 2019-cu ildən Azərbaycanın şərəfini qoruyan Anna Başta 1/8 finalda uduzaraq 15-ci yeri tutub. Buna baxmayaraq, Başta daha sonra uğurlu nəticələrə imza ata bildi. O 2022-ci ildə dünya çempionatında ikinci olubsa, qitə birinciliyini qızıl medalla başa vurub. Tokyo olimpiadası ilə bağlı əsas gözləntilər də məhz ondandır. Elə həmin il Anna Başta, Valeri Bolşakova, Səbinə Kərimova və Polina Kaspiaroviçdən ibarət qadın millimiz İslam Həmrəyliyi oyunlarının qalibi və Plovdivdə keçirilən dünya kubokunun ikincisi olub. Yığmamız ötən il Daşkəndəki dünya kubokunda da eyni nəticəyə imza atıb. Qarşıda isə idmançılarımızı fəth edilməsi gözlənilən zirvələr gözləyir.







Xəbər news