- Xəbər news
- 22:34 14.11.2024
“Anti-Doping Iceland” və İslandiya Universitetinin birgə təşkilatçılığı ilə 28-29 may 2024-cü il tarixlərində Reykyavikdəki Milli İdman Arenasında Avropa Şurasının Təhsil üzrə Məsləhətçi Qrupunun (T-DO ED) iclası keçirilib.
AMADA-dan 90deqiqe.Az-a verilən məlumata görə, iclasda ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Tədbir maraqlı tərəfləri bir araya gətirərək, antidopinq təhsili üzrə beynəlxalq standartın və strategiyanın müzakirəsi və təkmilləşdirilməsi məqsədi daşıyıb.
İclasın açılış mərasimində ev sahiblərinin salamlamasından sonra ardıcıl olaraq Təhsil üzrə Məsləhətçi Qrupun sədri, Avropa Şurasının katibliyi və Ümumdünya Antidopinq Agentliyinin (WADA) nümayəndələri tərəfindən yeniliklərin təqdimatı olub. Səhər sessiyasının əsas məqamlarından birini Kann şəhərində keçirilən 2024 Qlobal Təhsil Konfransına dair fikir mübadiləsi təşkil edib.
Tədbirdə danimarkalı mütəxəssis Tomas Terney tərəfindən təqdim edilən antidopinq təhsilində süni intellektin rolu əsas müzakirə mövzulardan biri olub. Bu sessiya süni intellekt texnologiyalarının antidopinq təhsilinin effektivliyini artırmaq və daha təmiz idman mühiti yaratmaq potensialını araşdırmağa xidmət edib.
Kanada Etik İdman Mərkəzinin (CCES) Dəyərlərə Əsaslanan İdman üzrə icraçı direktoru və Beynəlxalq Təhsil Standartı (ISE) Layihə Qrupunun sədri Karri Dauson ISE-yə təklif edilən dəyişikliklərin xülasəsini təqdim edib. Tədbir iştirakçıların, o cümlədən, Azərbaycan nümayəndə heyətinin dəyişikliklərə dair rəy və təkliflərini bildirdiyi məsləhətləşmə sessiyası ilə davam edib.
İclasın ikinci günündə ISE üzrə məsləhətləşmələr davam etdirilib, işçi qrupların yenilikləri və nəticələri ilə bağlı təlimatlar verilib. Tədbir müzakirələrin xülasəsi və iclasın bağlanış mərasimi ilə yekunlaşıb.