- Xəbər news
- 22:34 14.11.2024
Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
90deqiqe.Az qurumun mətbuat xidmətinə istinadən məlumat verir ki, iclasa AFFA-nın prezidenti Rövşən Nəcəf sədrlik edib və qarşıya qoyulan vəzifələr və onların icrası istiqamətində görüləcək işlər barədə danışıb.
İclasa icraçı vitse-prezident Sərxan Hacıyev gündəliyi təqdim edib. Gündəliyə daxil olan məsələlər müzakirə edilib. İlk olaraq, AFFA-nın 2024-cü il üçün büdcəsi müzakirə olunub və “Qəbələ” İdman Klubuna akademiya və infrastrukturun saxlanılması üçün bir il müddətinə 700 000 manat maliyyə vəsaiti ayrılması qərara alınıb. Həmçinin, müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının və hakimlərin Qəbələdə təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulub.
Toplantıda AFFA-nın strategiyası və uşaq futboluna dair məsələlər müzakirə olunub. Strategiyanın yazılması üçün “Double Pass”, UEFA və “McKinsey & Company” şirkətləri ilə əməkdaşlıq ediləcək və bu prosesə yerli mütəxəssislərin cəlb olunmasının önəmi vurğulanıb.
İcraiyyə Komitəsi 1-ci və 2-ci Liqada mövcud vəziyyəti də müzakirə edib. Aşağı yaş qrupları üzrə milli komandaların baş məşqçiləri ilə müqavilələrin sentyabr ayına kimi uzadılması qərara alınıb. Həmin vaxt baş məşqçilər Avropa çempionatının seçmə mərhələsinə hazırlıq və hədəflər barədə hesabat təqdim edəcəklər.
Baş məşqçilər:
- Elxan Abdullayev - U-19
- Füzuli Məmmədov - U-18
- İlham Yadullayev - U-17
- Aqil Nəbiyev - U-16
Azərbaycan milli komandasının baş məşqçisi ilə bağlı məsələ də müzakirə olunub və yaxın günlərdə ictimaiyyətə əlavə məlumat veriləcək.