- 21:47 07.07.2024
İyulun 7-də Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Bakı Tennis Akademiyasında “Qərbi Azərbaycan Kuboku” mini futbol turnirinin bağlanış və mükafatlandırma mərasimi keçirilib.
90deqiqe.Az xəbər verir ki, turnirdə Qərbi Azərbaycanın rayon icmalarını təmsil edən gənclərdən ibarət 20 komanda iştirak edib. Turnirin keçirilməsində məqsəd Qərbi Azərbaycana qayıdış ideyası ətrafında icma üzvlərinin sıx birləşməsi, gənclər arasında kommunikasiyanın möhkəmləndirilməsi, eyni zamanda sağlam həyat tərzinin təbliği, icmanın fəaliyyətində kütləviliyin artırılması və sağlam cəmiyyətin formalaşmasına dəstək verməkdir.
Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı “Ən yaxşı oyunçu” və “Ən yaxşı qapıçı” nominasiyalarını qaliblərə təqdim edib. Sonra ilk üç yerin qalibləri olan “Qafan”, “Qəmərli” və “Loru” komandalarını AFFA-nın icraçı baş katibi Sərxan Hacıyev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Milli Məclisin deputatları Səbinə Xasayeva, Kamal Cəfərov, Məlahət İbrahimqızı müvafiq diplom, medal və xatirə hədiyyələri ilə təltif ediblər.
Daha sonra qalib “Qafan” komandasına Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli tərəfindən kubok təqdim olunub.
Sonda qalib komanda ilə xatirə şəkli çəkdirilib. (Azərtac)