25 oktyabr 2024. Cümə

"Qubadlı öz füsunkar təbiəti ilə bura gələnləri heyran edəcək”


"Qubadlı öz füsunkar təbiəti ilə bura gələnləri heyran edəcək”

 

Qubadlı Azərbaycanın Qəhrəmanlıq Qalası, eyni zamanda abidələr diyarıdır. Qubadlı torpağına səpələnmiş tarixin daş yaddaşları – abidələr uzaq-uzaq keçmişlərdən xəbər verir. Ulu babalar bu abidələri nahaq yerə tarix hesab etməmişlər. Min illərin yadigarı olan bu abidələr xalqımızın qan yaddaşı, daşlara yazılmış həyat salnaməsidir.

Qubadlı rayonu 94 kəndi özündə birləşdirirdi. İnsanların həyat tərzi ilbəil yaxşılaşırdı. Təhsilin, səhiyyənin inkişafına maksimum səy göstərilirdi.

1988-ci ildən başlayaraq Еrmənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yеrləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilmişdir.
1993-cü il avqustun 31-də rayon ermənilər tərəfindən tamamilə işğal olundu. Azərbaycanın Qəhrəmanlıq Qalası Qubadlının əsarəti 30 ilə yaxın davam etdi. Lakin məcburi köçkün həyatını yaşayan qubadlılılar doğma yurd həsrəti ilə yaşayır, inanırdılar ki, çox tezliklə haqq-ədalət zəfər çalacaq, erməni tapdağında olan ata-baba yurdları geri qaytarılacaqdır. Bu inamı isə onlarda ilk növbədə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi və qətiyyətli mübarizəsi oyatmışdı.

Bu sözləri Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli söyləyib.

Millət vəkili qeyd edib ki, cənab Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonra bu inam bir az da gücləndi. Cənab Prezident 2003-cü ildə keçirilmiş andiçmə mərasimindəki nitqində demi.di ki, “Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edildi. Bununla da Qubadlı rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olundu, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edildi. Bununla əlaqədar, 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildilər.”

Əziz Ələkbərli müsahibəsinin sonunda qeyd edib ki, “Müdrik sərkərdə və güclü Azərbaycan ordusu torpaqlarımızı faşizmdən azad etdi. Azadlığına qovuşan yurdlarımızdan biri də Qubadlıdır. Füsunkar təbiətli, bol sərvətli Qubadlı. İgid oğulları, mərd qızları ilə öyünən və öyünməyə haqqı olan Qubadlı. Bu gün isə Qubadlı yenidən dirçəlir, öz əvvəlki görkəmini bərpa edir. Burada aparılan tikinti, abadlıq işləri göstərir ki, tezliklə Qubadlı öz füsunkar təbiəti, saf ürəkli, mərd insanları ilə qovuşacaq, bura gələnləri heyran edəcəkdir.”
 







Xəbər news