12 dekabr 2024. Cümə axşamı

Xorvatiya – turizm və futbol ölkəsi


Xorvatiya – turizm və futbol ölkəsi

Xorvatiyanın turizm imkanlarının təbliği çərçivəsində Bakıda “Həyat dolu Xorvatiya” adlı təqdimat keçirilib. Xorvatiya səfirliyi və Xorvatiyanın Milli Turizm Şurası tərəfindən, həmçinin “Azeri Observer” və “The M.O.S.T.” jurnallarının dəstəyi ilə təşkil edilən tədbirdə media nümayəndələri, səyahət blogerləri, mədəniyyət və turizmlə maraqlanan qonaqlar iştirak edib.

Açılışda Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç çıxış edib. Azərbaycan və Xorvatiya arasında əlaqələrin möhkəmləndiyini deyən səfir sözlərinə belə davam edib:

“Altı ildir Bakıdayam, sizin mədəniyyəti və tarixinizi yaxşı bilirəm. Oxşar cəhətlərimiz çoxdur, biz də sizin kimi 1991-ci ildə müstəqillik qazanmışıq, müharibə görmüşük.

İndi Xorvatiya turizm və futbolçuları ilə məşhurdur. Hər il Xorvatiyaya milyonlarla turist gəlir. Biz Azərbaycandan da ölkəmizə turist axınının artmasını istəyirik. Hazırda iki ölkə arasında birbaşa reyslərinin açılması müzakirə edilir”.

“Azeri Observer” və “The M.O.S.T.” jurnallarının təsisçisi və baş redaktoru Arslan Abbasov da çıxış edərək tədbirin məqsəd və məramı barədə məlumat verib.

Xorvatiyanın Milli Turizm Şurasının MDB ölkələri üzrə nümayəndəliyinin direktoru Rajko Ruzicka ölkəsinə il ərzində 20 milyondan çox turistin gəldiyini, onlardan 19 milyonunun əcnəbilər olduğunu bildirib. Həmçinin o, Xorvatiya haqqında ümumi məlumat verib, ölkəsinin gəzməli-görməli yerləri və turizm potensialından danışıb.

Xorvatiya turistlərə bir çox turizm növlərini təklif edir: Adriatik sahillərində gözoxşayan çimərliklərdə istirahət, Xorvatiyaya xas milli tərəvəzlərin, içkilərin və məşhur pendir növlərinin dadına baxmaqla qastronomik səyahətlər, velosiped turları, təbiət gəzintiləri, hiking və rafting kimi aktiv tətil növləri. Bununla yanaşı ölkənin müxtəlif bölgələrində keçirilən beynəlxalq mədəniyyət və musiqi festivalları da hər il yüz minlərlə ziyarətçini özünə cəlb edir.

Rajko Ruzicka qeyd edib ki, ölkədəki tarixi yerlərin böyük əksəriyyəti Avropada YUNESKO-nun mədəni irs obyektlərinin siyahısındadır. Onların arasında Splitdəki Diokletian sarayı, Puladakı Roma Amfiteatrı və Zadardakı Roma Forumu var.

Ümumiyyətlə, turizm ölkənin ən mühüm iqtisadi sektorudur və 2021-ci ilə olan məlumata əsasən, Xorvatiyanın ümumi daxili məhsulunun, demək olar ki, 20%-ni təşkil edir.

Xorvatiya 2019-cu ildə Ümumdünya Turizm Təşkilatına görə dünyanın 23-cü ən populyar turizm məkanı olub.

2022-ci ildə Xorvatiya Avropa Ətraf Mühit Agentliyi tərəfindən çimərlik suyunun keyfiyyətinə görə Avropada birinci yerdə qərarlaşıb.

Xorvatiyanın mindən çox müxtəlif ölçülü adası var ki, onlardan da yalnız 48-də insanlar daimi məskunlaşıb.

Səfir də ölkəsinin futbolçuları ilə məşhur olduğunu təsadüfən vurğulamadı. Xorvatiya bizdə daha çox idman, xüsusən də futbol ölkəsi kimi tanınır. 3,9 milyon nəfər əhalisi olan məmləkətin idman uğurlarından danışmazdan əvvəl Xorvatiyanın  Mərkəzi və Cənub-Şərqi Avropada, Adriatik dənizinin sahilində yerləşdiyini, 56,594 kvadrat kilometr ərazini əhatə ediyini bildirək. O, Sloveniya, Macarıstan, Serbiya, Bosniya və Herseqovina və Monteneqro ilə həmsərhəddir, həmçinin İtaliya ilə dəniz sərhədinə malikdir. Paytaxtı və ən böyük şəhəri Zaqreb, digər böyük şəhərləri Split, Riyeka və Osiyekdir.

Ölkə uzun müddət Yuqoslaviyanın tərkibində olub, 25 iyun 1991-ci ildə müstəqilliyini elan edib və sonrakı dörd il ərzində Müstəqillik müharibəsi yaşayıb. İndi isə Avropa İttifaqı, Şengen zonası və NATO-nun üzvüdür.

1991-ci ildə Xorvatiya müstəqillik qazandıqdan sonra beynəlxalq yarışlarda iştirak edən xorvatiyalı idmançılar yay və qış olimpiadalarında 20-si qızıl medal olmaqla 59 olimpiya medalı qazanıblar.

Xorvatiyada 400 mindən çox aktiv idmançı var ki, onlardan da 100 mindən çoxu futbolçudur. Bəli, futbol ölkədə ən populyar idman növüdür. Xorvatiya milli komandası bir dəfə dünya çempionatının gümüş, iki dəfə də bürünc mükafatçısı olub.

Xorvatiyalı Luka Modriç 39 yaşında da dünyanın ən yaxşı futbolçularından biridir. O, 2018-ci ildə nüfuzlu “Ballon d’Or” və “The Best” mükafatlarına layiq görülüb.

Xorvatiyalı məşqçilər Robert Prosineçki və Nikola Yurçeviç Azərbaycan millisini çalışdırıblar. Filip Ozobiç həm Xorvatiya, həm də Azərbaycan milli komandalarının şərəfini qoruyub. Millimizin üzvü Mahir Emreli isə bir müddət əvvəl Zaqreb “Dinamo”sunun formasını geyinib.

Xorvatiya digər komanda idman növləri – həndbol, vaterpol və basketbolda da öz sözünü deyib, olimpiya və dünya çempionatlarının qalibi və mükafatçısı olub. Həmçinin tennisdə komanda yarışı olan Davis kubokunu iki dəfə qazanıblar.

Məlumata görə, ötən il Azərbaycandan 3 min turist Xorvatiyaya səfər edib və ölkə nümayəndələri bu rəqəmlərin artacağına ümid edirlər. Sözsüz birbaşa reyslər turistlərə yeni imkanlar açacaq. Hələlik isə səyahətçilər İstanbul, Roma və ya Budapeşt üzərindən təyyarə transferləri yolu ilə Xorvatiyaya asanlıqla çata bilərlər.

2023-cü il yanvarın 1-dən Xorvatiya Şengen zonasının bir hissəsi olub. Bu amil Azərbaycandakı Şengen vizası sahibləri üçün də ölkəyə səfər etməyi asanlaşdırır. Vizası olmayan turistlər isə Bakıdakı Xorvatiya səfirliyinə və ya viza mərkəzinə müraciət edə bilərlər.

Rasim Mövsümzadə







Xəbər news

Fərid Qayıbov Estoniyaya səfər edib
  • Xəbər news
  • 14:20 10.12.2024
Fərid Qayıbov Estoniyaya səfər edib
Xorvatiya – turizm və futbol ölkəsi
  • Xəbər news
  • 23:59 09.12.2024
Xorvatiya – turizm və futbol ölkəsi
 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir