5 mart 2025. Çərşənbə

“Dirçəliş kuboku” xeyriyyə futbol turnirinin final oyunu və qaliblərin mükafatlandırılması mərasimi keçirilib


“Dirçəliş kuboku” xeyriyyə futbol turnirinin final oyunu və qaliblərin mükafatlandırılması mərasimi keçirilib

Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Dirçəliş kuboku” xeyriyyə futbol turnirinin final oyunu və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

90deqiqe.Az xəbər verir ki, tədbirdən əvvəl “Dədə-baba” rok qrupu çıxış edərək qonaqlara əsl musiqi bayramı yaşadıb.

Sonra təşkil olunan final oyununda Dövlət Neft Şirkətinin (SOCAR) və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) komandaları qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada SOCAR komandası rəqibini 1:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Final matçından sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, AFFA-nın baş katibi Cahangir Fərəcullayev, “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş və tanınmış futbolçu, eyni zamanda, turnirin səfiri Qara Qarayev iştirak ediblər.

Turnirin qalibinə qızıl medallar və kubok təqdim edilib. İkinci yeri tutan İRİA komandasına gümüş, üçüncü yer uğrunda oyunda UMİCO komandasına 3:2 hesabı ilə qalib gələn “Advokat” komandasına bürünc medallar təqdim olunub. Turnirin ən yaxşı qapıçısı Elşad Quliyev (SOCAR GİPRO), ən dəyərli oyunçusu (MVP) Mehdi Mehdiyev (“Baku Steel Company”),bombardiri adına rəqib qapılarından 42 top keçirən Hakim İbadov (UMİCO), turnirin “Fair-Play komandası” adına isə “SOCAR Midstream” layiq görülüb.

Xatırladaq ki, “Dirçəliş kuboku” xeyriyyə futbol turnirinə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə dəstək vermək üçün QDF-ə ianə edən dövlət qurumlarının və şirkətlərin komandaları (ümumilikdə 40 komanda) qatılıb. Turnirin sponsorları və iştirakçıları tərəfindən Qarabağ Dirçəliş Fonduna ianə edilən 141.000 AZN vəsait Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkının ərazisində idman meydançalarının tikintisinə yönəldiləcək.

Məlumat üçün bildirək ki, “Dirçəliş Kuboku” xeyriyyə futbol turniri Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu, “Azərlotereya” ASC-nin tərəfdaşlığı və “CBC Sport” telekanalının informasiya dəstəyi ilə keçirilib.

Mərasimdə rəsmi şəxslər, turnirdə iştirak edən dövlət qurumlarının və şirkətlərin, eləcə də futbol ictimaiyyətinin nümayəndələri, QDF-in donor və tərəfdaşları, tanınmış idmançılar və jurnalistlər iştirak ediblər.







Dirçəliş Kuboku