- Xəbər news
- 12:13 05.03.2025
İdmanın demək olar ki, hər sahəsində Azərbaycanın özünəməxsus uğurlu tarixi var. Və gələcəyi də olacaq.
90deqiqe.Az bu dəfə “Qərbi Azərbaycan İdmanı” bölməsində sizi futbol ilə məşğul olan Ayxan İsaqovla tanış edəcək.
İsaqov Ayxan Ruslan oğlu 21 aprel 2008-ci ildə Bakı şəhərinin Buzovna qəsəbəsində anadan olub. Əslən Basarkeçər rayonunun Böyük Məzrə kəndindəndir.
2014-cü ildə 26 nömrəli tam orta məktəbə daxil olub. Futbola böyük marağı olduğundan 5 yaşından etibarən bu idman növü ilə məşğul olmağa başlayıb. Uşaqlıqdan istedadı və əzmkarlığı ilə seçilib, müxtəlif yaş qruplarında uğurlar qazanıb.
9 yaşında “Vətən” futbol məktəbinə qoşulub və həmin il komanda ilə birlikdə U10 liqasının respublika üçüncüsü olub. 10 yaşında “Keşlə” futbol klubuna keçib və U11 liqasının respublika çempionu olub. 15 yaşında “Neftçi” futbol klubunun akademiyasına qəbul olunub və komanda ilə birlikdə U16 liqasının çempionu adını qazanıb.
Hal-hazırda “Neftçi” U17 komandasının əsas heyətində çıxış edir və daim inkişaf etməyə çalışır. Ayxan istiqrarlı, çalışqan və istedadlı futbolçudur. O, daim öz üzərində işləyərək texnikasını, sürətini və fiziki hazırlığını təkmilləşdirir.
Gələcəkdə Azərbaycan milli komandasında oynamaq və peşəkar futbolçu kimi beynəlxalq arenada uğurlar qazanmaq ən böyük arzularından biridir. O, hədəflərinə çatmaq üçün əzmkarlıqla çalışır və daha böyük klublarda oynamaq üçün özünü sübut etməyə davam edir.