- Xəbər news
- 14:29 10.03.2025
İdmanın demək olar ki, hər sahəsində Azərbaycanın özünəməxsus uğurlu tarixi var. Və gələcəyi də olacaq.
90deqiqe.Az bu dəfə “Qərbi Azərbaycan İdmanı” bölməsində sizi cüdoçu Seymur Məcidli ilə tanış edəcək.
Əslən Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Böyük Məzrə kəndindən olan Mecidli Seymur, 2 yanvar 2003-cü ildə Bakı şəhərində dünyaya gəlib.
Cüdo idmanına uşaq yaşlarından maraq göstərən Seymur, 2010-cu ildən etibarən bu idman növü ilə peşəkar şəkildə məşğul olmağa başlamışdır. Məşqçisi Orucov Məhəmməd Çingiz oğlu olan Seymur, 1-ci dan məşqçilik dərəcəsinə malikdir və həm idmançı, həm də məşqçi kimi fəaliyyət göstərir.
İdman karyerasına erkən yaşlarda başlayan Seymur, ardıcıl olaraq yerli və beynəlxalq yarışlarda uğurlar qazanmağa başlayıb. 2017-ci ildə Azərbaycan çempionatında 3-cü yer tutan Seymur, 2020-ci ildə yeniyetmələr arasında keçirilən Azərbaycan çempionatında və Türkiyənin Antalya şəhərində təşkil olunan Avropa Kubokunda 3-cü yerə layiq görülmüşdür. 2022-ci ildə 23 yaşadək cüdoçular arasında Azərbaycan çempionatında 3-cü yerə çıxmış, 2024-cü ildə isə kişilər arasında keçirilən Azərbaycan çempionatında kata üzrə ölkə çempionu olmuşdur.
Beynəlxalq səhnədə də yüksək nəticələr əldə edən Seymur, Türkiyədə 10 dəfə mükafatçılar arasında yer almışdır. Gürcüstan, Polşa və Ukraynada keçirilən beynəlxalq yarışlarda da Azərbaycanı təmsil etmişdir. Onun beynəlxalq yarışlarda qazandığı uğurlar, onu Azərbaycanın ən perspektivli cüdoçularından biri kimi tanıtmışdır.
İştirak etdiyi yarışlar və qazandığı nailiyyətlər:
Azərbaycan Daxilində:
Türkiyədə qazandığı uğurlar:
Dağıstanda qazandığı uğurlar:
Digər beynəlxalq yarışlarda qazandığı uğurlar:
Mecidli Seymur, hazırda həm peşəkar idman karyerasını davam etdirir, həm də məşqçilik fəaliyyəti ilə məşğuldur. O, gənc cüdoçuların yetişdirilməsi üçün öz bilik və təcrübəsini gələcək nəsillərə ötürməkdədir. Məşqçilikdə fokusunu fiziki hazırlıq, taktiki təhlil və döyüş texnikasının təkmilləşdirilməsinə qoyan Seymur, idmançıların dözümlülük və psixoloji hazırlığına da böyük önəm verir.
Gələcəkdə daha böyük beynəlxalq turnirlərdə, xüsusilə Avropa və Dünya Çempionatlarında, Olimpiya Oyunlarında iştirak etməyi hədəfləyən Seymur, Azərbaycan cüdo idmanının inkişafına öz töhfəsini verməkdə davam edir. Onun məqsədi yalnız öz uğurlarını artırmaq deyil, həm də gələcək cüdoçuların yetişdirilməsinə dəstək verərək Azərbaycanın idman tarixində silinməz iz qoymaqdır.