- Xəbər news
- 19:57 28.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
İdmanın demək olar ki, hər sahəsində Azərbaycanın özünəməxsus uğurlu tarixi var. Və gələcəyi də olacaq.
90deqiqe.Az bu dəfə “Qərbi Azərbaycan İdmanı” bölməsində sizləri döyüş idman növlərində müvəffəqiyyətlə irəliləyən Fəxri Cabbarovla tanış edirik.
Əslən Qərbi Azərbaycanın Basarkeçər rayonunun Nərimanlı kəndindən olan Fəxri Cabbarov, 9 iyul 1988-ci ildə Bakı şəhərində doğulub.
Fəxri uşaqlıqdan döyüş idmanlarına maraq göstərərək, bu sahədə məşq etməyə başlamışdır. O, 2007-ci ildən etibarən Kingboks, Uşu-sanda və Muay Tay kimi döyüş növləri ilə ciddi şəkildə məşğul olub. Həmçinin, güclü iradəsi və qətiyyəti sayəsində idman həyatına erkən yaşlardan böyük uğurlar qazandırmışdır.
İdman karyerasına başlanğıcda yerli yarışlarda qazandığı 1-ci və 2-ci yerlərlə start verən Fəxri, zamanla beynəlxalq səviyyəyə yüksəlmişdir. 2007-ci ildə Azərbaycanda keçirilən Kingboks üzrə Beynəlxalq turnirdə 60 kq çəki dərəcəsində 1-ci yer tutmuş, 2011-ci ildə isə İran və Dağıstan idmançılarını məğlub edərək, peşəkar Kabir üzrə Beynəlxalq yarışda 2-ci yerə layiq görülmüşdür.
Fəxri Cabbarovun əldə etdiyi yerli yarışlarda nailiyyətləri arasında Bakı birinciliyi, Respublika üçüncülüyü və Muay Tay üzrə Respublika kubokunun 2-ci yeri də vardır.
Fəxri Cabbarov, 2023-cü ildən etibarən Armwrestling (Qol Güləşi) idman növü ilə də məşğul olmağa başlayıb. Qısa müddət ərzində bu sahədə də böyük uğurlar qazanıb. 2023-cü ildə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Respublika turnirində 80 kq çəki dərəcəsində sol qol üzrə 1-ci yer (Çempionluq titulu) qazanaraq, sağ qol üzrə isə 2-ci yerə layiq görülmüşdür. Həmçinin, 2024-cü ildə Respublika turnirində sağ qol üzrə 3-cü yer tutmuşdur.
Fəxri Cabbarovun əsas məqsədi, Azərbaycanı beynəlxalq arenalarda yüksək səviyyədə təmsil etmək, daha böyük nailiyyətlər əldə etmək və Armwrestling sahəsində öz adını zirvəyə daşımaqdır. O, müntəzəm məşqlərini davam etdirərək, öz gücünü və texnikasını daha da təkmilləşdirməyə çalışır.
Fəxri Cabbarovun idman sahəsindəki irəliləyişi və əldə etdiyi müvəffəqiyyətlər, onu Azərbaycanın gələcəkdəki ən uğurlu idmançılarından biri kimi tanıdır.