- Xəbər news
- 18:59 13.06.2025
Mayın 18-də “Sürətin evolyusiyası” layihəsinin ikinci günü çərçivəsində Bakının mərkəzində sürət avtomobilləri və superkarların nümayişi keçirilib.
90deqiqe.Az xəbər verir ki, Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı, “Nazar Holdinq” və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə baş tutan tədbirdə müxtəlif növ sürət avtomobilləri təqdim olunub.
Nümayiş səhər saat 11:00-dan axşam 19:00-dək davam edib və Əziz Əliyev küçəsindən Qoşa Qala qapısınadək olan ərazini əhatə edib. Sərgi boyunca paytaxt sakinləri və turistlər həm klassik avtomobilləri, həm də müasir texnologiyalarla təchiz olunmuş superkarları yaxından izləmək imkanı qazanıblar.
Ziyarətçilər nəqliyyat vasitələri haqqında ətraflı məlumat alaraq, avtomobil sahəsində maraqlı faktlarla tanış olub, eyni zamanda avtomobil həvəskarları arasında ünsiyyət və təcrübə mübadiləsi üçün də şərait yaradılıb.
İki gün davam edən sərgi sürətin tarixi inkişafını – klassik modellərdən tutmuş ən müasir superkarlara qədər olan keçidi – əyani şəkildə nümayiş etdirib.