14 iyul 2025. Bazar ertəsi

“Basarkeçər Qərbi Azərbaycan Kuboku II mini futbol turnirinin qalibi olacaq!” - FOTOLAR


 “Basarkeçər Qərbi Azərbaycan Kuboku II mini futbol turnirinin qalibi olacaq!” - FOTOLAR

Aprelin 20-də start götürən Basarkeçər rayonunun kəndləri arasında mini futbol turniri mayın 18-də yekunlaşıb.

Turnir Qərbi Azərbaycan İcması – Gənclər Şurasının Basarkeçər üzrə məsul nümayəndəsi Aynur Rüstəmovanın rəhbərliyi ilə təşkil olunub.

Turnirdə ümumilikdə 9 kəndin komandası iştirak edib: Qaraiman, Qaraqoyunlu, Qoşabulaq, Zərkənd, Böyük Məzrə, Nərimanlı, Qanlı, Çaxırlı və Babacan.

Yarışın təşkilində kənd icma sədrlərinin dəstəyi və könüllü gənclərin fəal iştirakı xüsusi rol oynayıb.

Oyunlar turnir boyunca yüksək idman ruhu, qarşılıqlı hörmət və əzmkarlıq şəraitində keçirilib. Yarımfinal mərhələsində Zərkənd komandası Böyük Məzrə ilə, Çaxırlı isə Qanlı ilə üz-üzə gəlib. Nəticədə Böyük Məzrə və Çaxırlı komandaları final mərhələsinə vəsiqə qazanıb.

Mayın 18-də baş tutan həyəcanlı final qarşılaşmasında Çaxırlı komandası üstün oyun nümayiş etdirərək turnirin qalibi olub. Üçüncü yer uğrunda keçirilən görüşdə isə Zərkənd komandası Qanlıya qalib gələrək bürünc medala layiq görülüb.

Turnirlə bağlı Qərbi Azərbaycan İcması – Gənclər Şurasının Basarkeçər üzrə məsul nümayəndəsi Aynur Rüstəmova 90deqiqe.Az saytına fikirlərini bölüşüb:

“Bu turnirin əsas məqsədi Basarkeçər gəncləri arasında tanışlığı, komanda ruhunu və dostluq əlaqələrini gücləndirmək, eyni zamanda Qərbi Azərbaycan məfkurəsini yaşatmaq, kəndlərimizin adını səsləndirmək və gənclərimizin milli mənsubiyyət hissini möhkəmləndirmək idi. Turnir bu məqsədlərə çatmaq baxımından olduqca uğurlu oldu.

Bununla yanaşı, qarşımıza daha böyük bir məqsəd qoymuşuq: Qərbi Azərbaycan Kuboku II mini futbol turnirində Basarkeçəri təmsil edəcək güclü və rəqabətədavamlı90 bir yığma komanda formalaşdırmaq! Bu turnir həmin komandanın qurulması üçün mühüm bir addım oldu. Seçim prosesi zamanı istedadlı və potensiallı oyunçular müəyyən edildi, onların bacarıqlarını inkişaf etdirmək üçün işlərə başlanıldı. İnanıram ki, bu il Qərbi Azərbaycan Kuboku II mini futbol turnirinin qalibi Basarkeçər olacaq!

Bu turnir bir daha sübut etdi ki, birlikdə güclüyük və Qərbi Azərbaycanın gələcəyi məhz bu birliyin, həmrəyliyin və milli ruhun üzərində qurulacaqdır.

Son olaraq, təşkilati işlərdə əvəzsiz dəstəyini göstərən bütün kənd icmalarının sədrlərinə, könüllü gənclərə və turnirdə iştirak edən komandaların üzvlərinə təşəkkür edirəm. Onların əməyi və fədakarlığı sayəsində bu tədbir unudulmaz və dəyərli bir ənənəyə çevrildi.”







Qərbi Azərbaycan Kuboku