5 dekabr 2025. Cümə

“Bu turnirdə həmrəylik və birlik qalib gələcək”


“Bu turnirdə həmrəylik və birlik qalib gələcək”

Qərbi Azərbaycan Kuboku – II mini futbol turniri öncəsi hazırlıqlar çərçivəsində Allahverdi rayon icmasında da ciddi fəaliyyətlər həyata keçirilir. Turnirdə ilk dəfə iştirak edəcək Loru mahalı, Allahverdi rayonu futbol komandası yarışa tam hazır vəziyyətə gətirilib.

90deqiqe.Az saytına açıqlama verən Allahverdi rayon icmasının müavini Vida Ələddin oğlu Süleymanov hazırlıq prosesi ilə bağlı məlumat verib:

“Qərbi Azərbaycan Kuboku turnirinə qatılmaq bizim üçün olduqca böyük əhəmiyyət daşıyır. Komandamız bu nüfuzlu yarışa tam hazırlıqlı şəkildə qatılmaq üçün bütün zəruri addımları atıb. Məşq prosesi və taktiki hazırlıqlar uğurla yekunlaşdırılıb. Yarışın özü təkcə futbol baxımından deyil, həm də Qərbi Azərbaycanın müxtəlif mahallarını, rayon və kənd gənclərini bir araya gətirməsi baxımından çox dəyərlidir. Bu birlik və həmrəylik hissi hər kəs üçün böyük motivasiya qaynağıdır.

Məqsədimiz turnirdə layiqincə iştirak edərək əvvəlcə Qərbi Azərbaycanımızın, ardınca isə Allahverdi rayonunun adını layiqincə təmsil edib qələbə qazanmaqdır. Bu mühüm turnirin təşkilinə görə Qərbi Azərbaycan İcmasına və əməyi keçən hər bir şəxsə dərin təşəkkürümü bildirir, yarışda iştirak edəcək digər komandalara da uğurlar arzulayıram.”







Qərbi Azərbaycan Kuboku