- 00:52 18.06.2025
2025-ci il 24 may tarixində Qərbi Azərbaycan Kuboku II mini futbol çempionatının püşkatma mərasimi keçirilib.
Püşkatma mərasimində Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə yanaşı, Allahverdi rayon İcmasının rəsmi şəxsləri və rayonun idman və kütləvi işlər üzrə məsul nümayəndələri də iştirak ediblər.
Mərasimdən sonra “Allahverdi FK”nın adından çıxış edən Allahverdi rayon İcma sədrinin müavini Vida Süleymanov 90deqiqe.Az-a açıqlama verib. O, püşkatma ilə bağlı fikirlərini belə bildirib:
“Püşkatma mərasimi yüksək səviyyədə və təşkilati baxımdan nümunəvi şəkildə keçirildi. Bu çempionatın təşkilinə görə Qərbi Azərbaycan İcmasına təşəkkür edirəm. “Allahverdi” FK olaraq A qrupunda yer aldıq. Qrupa Loru, Qafan və Amasya komandaları da daxildir. Bu komandalarla mübarizə aparmaq bizim üçün həm məsuliyyət, həm də stimuldur.
İnanıram ki, komandamız turnirdə layiqli çıxış edəcək və Allahverdi rayonunun adını yüksək səviyyədə təmsil edəcək. Eyni zamanda əminik ki, azarkeşlərimizin coşqulu dəstəyi bizə əlavə güc verəcək. Bütün iştirakçı komandalara uğurlar arzulayıram.”
Qeyd edək ki, Qərbi Azərbaycan Kuboku II Mini Futbol Turnirində ümumilikdə 18 komanda iştirak edir. Komandalar 4 qrupa bölünüb və hər qrupda maraqlı və gərgin qarşılaşmaların yaşanacağı gözlənilir.
Əlavə edək ki, turnir 1 iyun – 26 iyun tarixlərində keçiriləcək.