14 iyun 2025. Şənbə

“Komandamız rayonun adını layiqincə təmsil edəcək”


“Komandamız rayonun adını layiqincə təmsil edəcək”

2025-ci il mayın 24-də Qərbi Azərbaycan Kuboku II mini futbol çempionatının püşkatma mərasimi keçirilib. Tədbirdə Qərbi Azərbaycan İcmasının nümayəndələri və bir sıra nüfuzlu qonaqlar iştirak ediblər.

Püşkatma mərasimindən sonra Basarkeçər rayon İcmasının sədr müavini, jurnalist İlqar İsmayıl 90deqiqe.Az-a açıqlama verib.

“Bu il püşkatmanın və ümumilikdə təşkilatçılığın yüksək səviyyədə baş tutması turnirin də yüksək səviyyədə keçiriləcəyindən xəbər verir. Bu münasibətlə, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, hörmətli millət vəkili Əziz Ələkbərli başda olmaqla, turnirin təşkilində əməyi keçən hər kəsə – həm rayonumuz, həm də şəxsən öz adımdan təşəkkürümü bildirirəm. Hər şey mükəmməldir,” – deyə o bildirib.

İlqar İsmayıl əlavə edib ki, istər məşqlər, istər yoldaşlıq görüşləri, istərsə də turnirə hazırlıq zamanı Basarkeçər komandası öz adını layiqincə təmsil etmək üçün əzmlə çalışıb: “Bu isə yarışın yüksək rəqabət şəraitində keçəcəyinin göstəricisidir. Artıq komandamız oyuna və qələbəyə köklənib. Azarkeşlərimizi və Basarkeçərliləri tribunadan rayonumuzu dəstəkləməyə çağırırıq. Bütün Qərbi Azərbaycan komandalarına uğurlar arzulayıram. Layiq olan qazansın!”

Qeyd edək ki, Qərbi Azərbaycan Kuboku II mini futbol çempionatı 1 iyun – 26 iyun tarixlərində keçiriləcək.







Qərbi Azərbaycan Kuboku