14 iyun 2025. Şənbə

“Mini futbol turniri – həmrəylik, qayıdış və milli iradənin təzahürüdür”


“Mini futbol turniri – həmrəylik, qayıdış və milli iradənin təzahürüdür”

Bildiyiniz kimi, 2025-ci il 24 may tarixində Qərbi Azərbaycan Kuboku II mini futbol çempionatının püşkatma mərasimi keçirilib. Tədbir Qərbi Azərbaycan İcmasının nümayəndələrinin və bir sıra mötəbər qonaqların iştirakı ilə baş tutub.

Tədbirin açılışında çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bu çempionatın artıq ikinci ildir təşkil edildiyini xatırladıb. O, bu yarışın yalnız idman tədbiri kimi deyil, həm də milli həmrəyliyə, qayıdış ideyasına xidmət edən sosial-siyasi platforma olduğunu bildirib:

“Bu turnir sadəcə idman yarışı deyil. O, Qərbi Azərbaycana qayıdışın ideoloji və ictimai hazırlıq mərhələlərinin bir hissəsidir. Biz burada birliyimizi, qətiyyətimizi və iradəmizi nümayiş etdiririk.”

Püşkatma mərasimində komandalar qruplara bölünüb. "Zəngibasar FK" bu il C qrupunda yer alıb. Həmin qrupda aşağıdakı komandalar yarışacaq:

  • Zəngibasar FK

  • Gorus

  • Sərdərabad

  • Böyük Qarakilsə

  • Karvansaray

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Zəngibasar rayon icmasının sədri Mirfaiq Mirheydərli çempionatın dərin mənasını belə izah edib:

“Qərbi Azərbaycan İcmasının qayıdış konsepsiyası çoxşaxəli istiqamətlər üzrə mərhələlərlə həyata keçirilir. Mini futbol çempionatına sadəcə və sıradan yarış kimi baxmaq olmaz. Hər bir elmi-praktik konfrans, beynəlxalq tədbir, şagirdlərarası keçirilən olimpiadalar və bu kimi idman yarışları – hamısı qayıdış prosesinin psixoloji, mənəvi və ideoloji bünövrəsini formalaşdıran əsas vasitələrdir. Bu tədbirlər həm də gələcəkdə doğma vətənə qayıdan hərtərəfli vətəndaş hazırlığına əhəmiyyətli təsir göstərir.”

Mirfaiq Mirheydərli əlavə edib ki, "Zəngibasar FK" bu mövsüm çempionluq əzmi ilə yarışa qatılıb:

“Hazırlıqlarımız yüksək səviyyədə keçib. Komandamız həm texniki, həm taktiki baxımdan tam hazırdır. Məqsədimiz yalnız uğur qazanmaq deyil, eyni zamanda Zəngibasarın milli ruhunu və qayıdışa olan sədaqətini meydanda nümayiş etdirməkdir. Biz qələbəni idman baxımından yox, mənəvi baxımdan da vacib hesab edirik.”

Turnirin 1 iyun – 26 iyun tarixlərində keçirilməsi planlaşdırılır. Yarışlarda ümumilikdə 18 komanda iştirak edir və hər qrupda maraqlı, rəqabətli oyunların keçirilməsi gözlənilir.







Qərbi Azərbaycan Kuboku