- 00:52 18.06.2025
1 iyun 2025-ci il tarixində Qərbi Azərbaycan Kuboku II mini futbol çempionatının rəsmi açılış mərasimi keçirilib.Mərasimdə Qərbi Azərbaycan İcmasının rəhbərliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Azərbaycan Mini-Futbol Federasiyası və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin nümayəndələri iştirak ediblər.
Turnirdə iştirak edən komandalar arasında Paşalı rayonunu təmsil edən "Paşalı FK" da yer alır. Komandanın qurucusu və Paşalı rayon Gənclər Şurasının məsul şəxsi İlkin Təhməzov 90deqiqe.Az saytına qısa açıqlama verib:
“Keçən il olduğu kimi bu il də Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə baş tutan bu mötəbər turnirdə iştirak etmək bizim üçün həm məsuliyyət, həm də qürurdur. Paşalı FK-nı 7 aprel 2024-cü ildə yaratmışıq. Cəmi bir yaşımız olmasına baxmayaraq, komanda üzvlərimizin əksəriyyəti enerjili və istedadlı gənclərdən ibarətdir. May ayı ərzində ardıcıl şəkildə daxili seçmələr, taktiki məşqlər və yoldaşlıq oyunları keçirmişik. 12, 22 və 28 may tarixlərində məşq oyunları, 25 mayda isə Barana FK ilə (1:1) yoldaşlıq görüşümüz oldu. Bu proseslər komandamızın formalaşması və yarışa optimal hazırlıq baxımından mühüm əhəmiyyət daşıdı.”
“Komandamızın hazırlığına maddi və mənəvi dəstək göstərən hər kəsə təşəkkür edirəm. Başda icma sədrimiz Faiq Xudayev olmaqla kənd icma sədrlərinə və komandamızın formasına sponsorluq edən ‘Rəvan-F’ şirkətinin rəhbəri Rəvan Xudayevaya minnətdarlığımız sonsuzdur. Bu çempionata tam hazırıq. Məqsədimiz ilk üçlüyə girmək, lakin əsas hədəfimiz çempionluqdur. Paşalı FK meydanda bunu sübut etməyə hazırdır. Bütün komandalara uğurlar arzulayıram – güclü olan qazansın!”
Qeyd edək ki, İlkin Təhməzov 4 aprel 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasının binasında keçirilmiş və çempionatın şərtləri ilə nizamnaməsinin müəyyən olunduğu iclasda, eləcə də 25 mayda baş tutmuş rəsmi püşkatma mərasimində iştirak etmişdir.
Qərbi Azərbaycan Kuboku II mini futbol çempionatında ümumilikdə 18 komanda mübarizə aparır. Komandalar 4 qrupa bölünüb və qarşıdakı günlərdə gərgin və maraqlı qarşılaşmaların keçirilməsi gözlənilir.
Əlavə edək ki, "Axta" - "Paşalı" oyunu bu gün saat 19:00-da Bakı Tennis Akademiyasında baş tutacaq.