18 iyun 2025. Çərşənbə

"Qərbi Azərbaycan Kuboku bizim üçün milli ruhun və birliyin təcəssümüdür"


"Qərbi Azərbaycan Kuboku bizim üçün milli ruhun və birliyin təcəssümüdür"

1 iyun 2025-ci il tarixində Qərbi Azərbaycan Kuboku II mini futbol çempionatının rəsmi açılış mərasimi keçirilib.Mərasimdə Qərbi Azərbaycan İcmasının rəhbərliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Azərbaycan Mini-Futbol Federasiyası və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin nümayəndələri iştirak ediblər.

Gorus rayon İcmasının sədri, "Gorus FK"nın qurucusu Etibar Həsənov 90deqiqe.Az saytına qısa açıqlama verib:

“Qərbi Azərbaycan Kuboku bizim üçün yalnız idman yarışı deyil, eyni zamanda tariximizin, birliyimizin və milli ruhumuzun təntənəsidir. Gorus rayon İcması olaraq daim gənclərin vətənpərvərlik ruhunda yetişməsi, icma şüurunun gücləndirilməsi və sağlam həyat tərzinin təşviqi istiqamətində fəaliyyət göstəririk. 'Gorus FK' bu çempionata ciddi şəkildə hazırlaşıb. Məqsədimiz yalnız meydanda qələbə qazanmaq deyil, eyni zamanda Gorus rayonunun adını layiqincə təmsil etməkdir. Hədəfimiz finala yüksəlmək və çempionluq uğrunda mübarizə aparmaqdır. Komandamızın istəyi və birliyi bizə bu yolda güc verir. Azarkeşlərimizin dəstəyini hər zaman hiss edirik və inanırıq ki, bu turnir həm idman baxımından, həm də ictimai birliyimiz üçün önəmli nəticələr verəcək.”

Qərbi Azərbaycan Kuboku II mini futbol çempionatında ümumilikdə 18 komanda iştirak edir. Komandalar 4 qrupa bölünüb. Hər qrupda gərgin və maraqlı qarşılaşmaların keçirilməsi gözlənilir.

Qeyd edək ki, açılış mərasimindən sonra çempionatın üçüncü oyunu – "Gorus" ilə "Karvansaray" arasında baş tutub.







Qərbi Azərbaycan Kuboku