- Xəbər news
- 00:52 18.06.2025
İdman Azərbaycanda çox böyük bir tarixə malikdir və bu gün də idmançılarımız dünya səhnəsində öz sözlərini deməkdədirlər. Azərbaycanın müxtəlif idman növlərində əldə etdiyi uğurların sayı hər keçən gün daha da artır.
90deqiqe.Az bu dəfə “Qərbi Azərbaycan İdmanı” bölməsində sizə karate üzrə dünya çempionu Zeynallı Şəfaqətlə tanış edəcək.
Əslən Qərbi Azərbaycanın Qarakilsə rayonunun Şəki kəndindən olan Zeynallı Şəfaqət 22 mart, 2008-ci ildə Beyləqan şəhərində anadan olub. O, 2014-cü ildə ibtidai təhsilinə Hacı Zeynaləbdin Tağıyev Qəsəbəsində yerləşən 19 nömrəli tam orta məktəbdə başlayıb, 2019-cu ildə Füzuli rayon 40 nömrəli ümumi orta məktəbdə davam etdirib. 2022-ci ildə 14 yaşında karatedə ilk addımını ataraq, Azərbaycanın Milli Qəhrəmanı Kərəm Mirzəyev adına klubun tərkibində məşqə başlayıb. Şəhid Kərəm Mirzəyev adına karate klubunun rəhbəri Aqil Soltanov, şəxsi məşqçisi Səfərov Cahid Mübarək oğludur.
Şəfaqət Zeynallı 2022 və 2024-cü illərdə Ənənəvi Karate üslübu Fudokan üzrə Respublika çempionu olub. O, nümayəndə heyətinin tərkibində 06 may, 2025-ci il tarixində Azərbaycanın ənənəvi karate üzrə milli komandası Fudokan üslubu üzrə 10-cu Dünya çempionatında iştirak etmək üçün Polşanın Pulawy şəhərinə yola düşüb. Milli komandaya Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi, ənənəvi karate fudokan üzrə nümayəndəsi Vüsal Abdullazadə rəhbərlik edib. Zeynallı Şəfaqət 09 may 2025-ci il tarixində bütün rəqiblərini məğlub edərək, Azərbaycan bayrağını ucaldıb və himnimizi səsləndirib.Qeyd edək ki, Milli Komandanın Baş Məşqçisi Bəşir Mahmudov olub
Qeyd edək ki, Şəfaqət şəhid nəvəsidir. Zeynalov Mürsəl Əyyub oğlu 1993-cü ildə Vətənin düşməndən müdafiəsi zamanı şəhid olub. Atası Zeynalov Elbrus Füzuli şəhərindən, anası Hacıyeva Rəfiqə Qərbi Azərbaycanın Qarakilsə rayonunun Şəki kəndindəndir.
Zeynallı Şəfaqətin bu böyük qələbəsi, həm də ölkəmizdə idmana göstərilən diqqət və qayğının bir göstəricisidir. Şəfaqət Zeynallıya bu möhtəşəm nailiyyəti münasibətilə təbriklərimizi çatdırır və ona gələcəkdə daha böyük uğurlar arzulayırıq!
.