- Xəbər news
- 00:52 18.06.2025
İdmanın demək olar ki, hər sahəsində Azərbaycanın özünəməxsus uğurlu tarixi var. Və bu uğurlar gənc istedadların sayəsində gələcəkdə daha da davam edəcək.
90deqiqe.Az bu dəfə “Qərbi Azərbaycan İdmanı” rubrikasında sizi kikboksinq idman növündə parlaq nəticələrə imza atan gənc idmançı Zeynalov Aminlə tanış edəcək.
Əslən Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonu Daşkənd kəndindən olan Amin Zeynalov, 29 noyabr 2010-cu ildə anadan olub. Hal-hazırda Sabunçu rayonu 67 saylı tam orta məktəbin 8 “F” sinif şagirdidir. O, 2023-cü ildən etibarən kikboksinq idman növü ilə peşəkar səviyyədə məşğul olur.
Amin, qısa müddət ərzində ölkə miqyasında keçirilən yarışlarda yüksək nəticələr əldə edərək artıq 5 qızıl, 1 gümüş medala sahib çıxıb. Onun qazandığı ən son uğurlardan biri isə 71 kq çəki dərəcəsində baş tutan yarışda qızıl medal əldə edərək fəxri kürsünün birinci pilləsinə yüksəlməsi olub.
Zeynalov Amin hazırda Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin kikboksinq klubunun üzvüdür. Onun əsas idman mentorlarından biri kikboksinq üzrə yeniyetmə və gənclərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi, Əməkdar məşqçi Hikmət Hacıyevdir.
Əldə etdiyi nailiyyətlər və göstərdiyi əzmkarlıq Amin Zeynalovu gələcəyin ümidverici idmançılarından birinə çevirir. Bu cür istedadların yetişməsi isə Azərbaycanın idman gələcəyinin nə qədər parlaq olduğunun göstəricisidir.