- 00:52 18.06.2025
1 iyun 2025-ci il tarixində Qərbi Azərbaycan Kuboku II mini futbol çempionatının rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Qərbi Azərbaycan İcmasının rəhbərliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Azərbaycan Mini-Futbol Federasiyası və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin nümayəndələri iştirak ediblər.
Çempionatda İrəvan şəhərini təmsil edən “İrəvan” klubunun qurucusu Rizvan Əsgərov 90deqiqe.Az saytına açıqlamasında bu yarışın onlar üçün mənəvi baxımdan böyük əhəmiyyət daşıdığını bildirib:
“İrəvan şəhəri uzun illər Qərbi Azərbaycanın mədəniyyət paytaxtı olub və bu torpaqlarda əsrlər boyu azərbaycanlılar yaşayıb, yaradıb. Bu səbəbdən bu turnirdə iştirak bizim üçün yalnız idman yarışı deyil, həm də tarixi bir missiyadır.”
Əsgərov əlavə edib ki, yarışa cəmi 7 nəfərlə qatılıblar və bu, İrəvanda digər bölgələrlə müqayisədə azərbaycanlı ailələrin daha az sayda olması ilə bağlıdır:
“Komandalar arasında ən az heyətlə çıxış edən məhz bizim komandadır. Lakin bu, bizi ruhdan salmadı. Komandamızda yer alan gənclər cəsarətli və iradəlidirlər. Onlar bu müqəddəs missiyanın məsuliyyətini dərindən dərk edirlər.”
O, eyni zamanda keçən il mini futbol üzrə Azərbaycan çempionatında iştirak etmiş “Göyçə” FK-nın da təsisçisi olduğunu vurğulayıb. Həmin komanda 14 iştirakçı arasında 6-cı yeri tutub.
Sonda Rizvan Əsgərov dünya çempionu olan Azərbaycan minifutbol millisini təbrik edib və bildirib:
“Bu qələbə bizə bir daha sübut etdi ki, birlik, istək və əzmlə hər şeyə nail olmaq mümkündür. Bizdə, Qərbi Azərbaycan üçün oynayırıq, tariximizi yaşatmaq və gələcək nəsillərə ötürmək üçün meydandayıq!”
Qərbi Azərbaycan Kuboku II mini futbol çempionatında ümumilikdə 18 komanda mübarizə aparır. Komandalar 4 qrupa bölünüb və qarşıdakı günlərdə gərgin və maraqlı qarşılaşmaların keçirilməsi gözlənilir.
Əlavə edək ki, "İrəvan" - "Basarkeçər" oyunu 8 iyun saat 22:00-da Bakı Tennis Akademiyasında baş tutacaq.