18 iyun 2025. Çərşənbə

"Qərbi Azərbaycan Kuboku gəncləri tarixi kökünə bağlayır"


"Qərbi Azərbaycan Kuboku gəncləri tarixi kökünə bağlayır"

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən Qərbi Azərbaycan Kuboku II mini futbol çempionatında Basarkeçər rayonu da təmsil olunur.

Komandanın təşkilatçılarından biri, Basarkeçər rayonu Hüseynquluağalı (Nərimanlı) kənd icmasının gənclər bölməsinin rəhbəri Əlvi İbrahimov 90deqiqe.Az-a açıqlamasında çempionatla bağlı fikirlərini bölüşüb:

“Qədim mədəniyyətə, zəngin yeraltı və yerüstü sərvətlərə malik yurdumuz tarix boyu yadellilərin təcavüzlərinə məruz qalmışdır. Bu təcavüzlərdən biri də son 200 ildə baş verən erməni təcavüzləridir. Cənubi Qafqazda Rusiya gücləndikdən sonra ermənilər tarixi türk yurdu olan Qərbi Azərbaycan torpaqlarına yerləşmiş, orada özləri üçün dövlət yaratmış, bununla da kifayətlənməyib həmin torpaqların əbədi və əzəli yerli sakinləri olan türkləri öz dədə-baba yurdlarından dəfələrlə deportasiya etmiş, qədim coğrafi adları qondarma erməni adları ilə dəyişmişlər. Bütün bunlar çox böyük beynəlxalq hüquq pozuntusudur.

Buna görə də Azərbaycan dövləti haqlı olaraq öz xalqının, millətinin pozulmuş hüquqlarını bərpa etmək yönündə ciddi addımlar ataraq Qərbi Azərbaycan İcmasını yaratmış, müxtəlif tədbirlərlə, layihələrlə Qərbi Azərbaycan həqiqətlərini həm yerli vətəndaşlara, həm də dünya ictimaiyyətinə çatdırmağa çalışır.

Bu cür irimiqyaslı tədbirlərdən biri də dünyada ən populyar idman növü olan futbol vasitəsilə Qərbi Azərbaycan mini futbol çempionatının keçirilməsidir. Artıq ölkəmizdə ikinci dəfədir ki, bu çempionat keçirilir və bu yarışın çoxsahəli önəmi vardır. Çempionat vasitəsilə Qərbi Azərbaycan kökənli gənclər öz dədə-baba yurdlarına qayıdış ideyası ətrafında birliklərini bir az daha möhkəmləndirirlər. Bu tədbirin ən önəmli cəhətlərindən biri də budur ki, burada iştirak edən rayonların komandaları tarixi adları ilə çıxış edirlər. Məsələn: Vardenis yox, Basarkeçər, Kirovokan yox, Böyük Qarakilsə, Krasnıselo yox, Çəmbərək və s. Bununla da bir daha bu adların unudulmaması üçün güclü təbliğat aparılmış olur.

Şadam ki, mən də Basarkeçər rayonu Hüseynquluağalı (Nərimanlı) Kənd İcmasının Gənclər bölməsinin rəhbəri olaraq ikinci ildir ki, Qərbi Azərbaycan Mini Futbol Çempionatının təşkilat komitəsində könüllü olaraq yer alıram. Qərbi Azərbaycan kökənli fəal gənc olaraq bu çempionatı təşkil edən – başda Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı hörmətli Əziz Ələkbərliyə, Qərbi Azərbaycan İcması Gənclər Şurasının sədri, Milli Məclisin deputatı hörmətli Şahin İsmayılova, Qərbi Azərbaycan İcması Gənclər Şurasının aparıcı məsul şəxsi hörmətli Anar Rzaquliyevə və digər əməyi keçən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Turnirdə iştirak edən 18 komandanın hər birinə uğurlar arzulayıram. Nəticə nə olursa olsun, sonda yenə də ideyamız qalib olacaq.”

Xatırladaq ki, Qərbi Azərbaycan Kuboku II mini futbol çempionatında ümumilikdə 18 komanda mübarizə aparır. Komandalar 4 qrupa bölünüb.

Əlavə edək ki, ilk oyununda Vedi üzərində 2:1 hesablı qələbə qazanan "Basarkeçər" klubu növbəti qarşılaşmasını 8 iyun tarixində, saat 22:00-da Bakı Tennis Akademiyasında "İrəvan" komandasına qarşı keçirəcək.

 







Qərbi Azərbaycan Kuboku