- 20:48 30.06.2025
Qərbi Azərbaycan Kuboku uğrunda II mini futbol çempionatı yekunlaşıb.Çempionatı uğurla başa vuran bütün komandaları təbrik edirəm.
Çempionat barədə Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Zəngibasar rayon icmasının sədri, riyaziyyat üzrə fəlsəfə doktoru Mirfaiq Mirheydərli 90deqiqe.Az-a açıqlama verib.
O, ilk növbədə yarışın nizam-intizam və təhlükəsizlik prinsipləri əsasında yüksək səviyyədə təşkil olunmasını xüsusi qeyd edərək, bu işə töhfə verən qurumlara və fərdlərə təşəkkürünü bildirib:
“Bir qərbi azərbaycanlı kimi düşünürəm ki, bu cür tədbirlər – istər idman yarışları, istər konfranslar, istərsə də mədəni təşəbbüslər – bizim Qayıdış ideyamıza ciddi töhfə və təkandır.”
Mirfaiq Mirheydərli turnirdə Zəngibasar mahalını təmsil edən komandanın çıxışı ilə bağlı da fikirlərini bölüşüb. Qrup mərhələsində uğurlu çıxışa baxmayaraq, komandanın dörddəbir finalda mübarizəni dayandırdığını qeyd edib:
“Üç qələbə, bir heç-heçə ilə dörddəbir finala yüksəldik. Komandamızın fiziki və psixoloji hazırlığı, yaradılan şərait ümid verici idi. Bəziləri bizi finalda görürdü, amma arxayınçılıq baha başa gəldi. Bu da idmandır – uduzmaq da onun bir hissəsidir.”
Çıxışında o, çempionatda peşəkar klub oyunçularının iştirakının məhdudlaşdırılmasını müsbət dəyərləndirərək, bunun yeni gənc istedadların üzə çıxmasına şərait yaratdığını vurğulayıb.
Sonda final oyununa olan marağa və azarkeş iştirakına diqqət çəkən Mirfaiq Mirheydərli bunları bildirib:
“Finalda meydançanın tam dolması göstərdi ki, bu futbol turniri həm də ictimai ruhun və səfərbərliyin göstəricisidir. İnanıram ki, bu və bu kimi hər bir fəaliyyət Qayıdışımıza xidmət edir.”
Qeyd edək ki, “Qərbi Azərbaycan Kuboku” minifutbol turnirinin 26 İyun- Silahlı Qüvvələr Gününə həsr olunan final matçında "Loru" və "Amasiya" komandaları qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada əsas hissə 2:2 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında isə 4:3 hesabı ilə "Loru" komandası çempionatın qalib olub.