- 20:48 30.06.2025
Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən Qərbi Azərbaycan Kuboku II mini futbol çempionatı həm idman ruhu, həm də ictimai həmrəylik baxımından diqqətçəkən hadisəyə çevrilib. Çempionat, təkcə oyun meydançalarında deyil, həm də qərbi azərbaycanlıların tarixi torpaqlara qayıdış ideyasına verdiyi mənəvi dəstəklə fərqlənib.
Amasiya FK-nın təşkilatçısı Səbuhi Şamilov 90deqiqe.Az-a verdiyi açıqlamada çempionatın mahiyyəti və komandasının çıxışı ilə bağlı fikirlərini bölüşüb:
“Qərbi Azərbaycan İcmasının təşkil etdiyi bu çempionat rayon icmaları arasında əlaqələrin genişlənməsinə, qərbi azərbaycanlıların qayıdış ruhunda birləşməsinə, eləcə də sağlamlığın və ictimai həyatın fəallaşmasına böyük töhfə verdi.”
Amasiya təmsilçisi qeyd edib ki, turnirdə iştirak edən komandalar tribunadakı və ekran qarşısındakı azarkeşlərə əsl futbol mübarizəsi yaşadıblar:
“Bütün komandalar əzmkar və gözəl oyunları ilə tribunadan və Qərbi Azərbaycan TV vasitəsilə yayımlanan matçlarda azarkeşləri həyəcanlandırdı.”
Loru FK ilə keçirdikləri oyunlara toxunan Səbuhi Şamilov, hər iki qarşılaşmanın gərgin və maraqlı olduğunu vurğulayıb:
“İlk oyunda 2:0 hesabı ilə önə keçsək də, oyun 3:3 başa çatdı. Final mərhələsində isə Loru FK bir daha 2:0 önə keçdi, lakin komandamız əzmkar oyunu ilə hesabı bərabərləşdirdi və görüş penaltilərlə həll olundu.”
O, penaltilərdə qalib gələn Loru FK-nı təbrik edib və uğurlar arzulayıb:
“50/50 şans verilən penalti seriyasında bu dəfə şans rəqibdən yana oldu. Loru komandasını qalibiyyət münasibətilə təbrik edirəm.”
Sonda isə Səbuhi Şamilov, belə bir təşəbbüsü həyata keçirdiklərinə görə Qərbi Azərbaycan İcmasının rəhbərliyinə və komandanı dəstəkləyən bütün azarkeşlərə təşəkkürünü bildirib.