16 iyul 2025. Çərşənbə

“Qərbi Azərbaycan Kuboku təkcə futbol yox, xatirələrimizə körpüdür”


“Qərbi Azərbaycan Kuboku təkcə futbol yox, xatirələrimizə körpüdür”

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən Qərbi Azərbaycan Kuboku II mini futbol çempionatı təkcə idman yarışı olmaqla qalmayıb, həm də qərbi azərbaycanlıların yaddaşını, doğma yurda bağlılığını bir daha gündəmə gətirib.

Bu bağlılıqdan söz açan Meğri rayon gəncləri üzrə məsul şəxs Elvira Əliyeva, 90deqiqe.Az-a verdiyi açıqlamada öz ailəsinin köklərindən, Nüvədi kəndinin tarixindən və unudulmayan xatirələrindən danışıb:

“Qərbi Azərbaycan – bizim əzəli dədə-baba torpaqlarımızdır. Bu torpaqların hər daşı, hər ağacı yaddaşımıza, ruhumuza hopub.”

Elvira Əliyeva bildirib ki, atasının doğulduğu Nüvədi kəndi nar bağları ilə tanınıb və məhz bu səbəbdən ermənilər kəndin adını dəyişərək “Nrdnazor” (Nar Vadisi) qoyublar:

“Bizim üçün ora heç vaxt adını dəyişməyib. Həmişə Nüvədi olub və elə də qalacaq! Çünki orada babalarımızın izi, analarımızın nəfəsi, nənələrimizin duaları var.”

O, həmçinin Ulu Öndər Heydər Əliyevin Nüvədi kəndinin əhəmiyyəti ilə bağlı fikirlərinə də toxunaraq, bu torpağın tariximizin və xalqımızın məğrurluğunun simvolu olduğunu vurğulayıb:

“Nüvədi yalnız bir kənd deyil — bir yaddaşdır, kökdür, kimlikdir. Biz bu yaddaşı yaşatmalı, bu həqiqətləri unutmamalı və unutturmamalıyıq.”

Elvira Əliyeva sonda bu duyğuların yalnız ailəsinə deyil, bütün qərbi azərbaycanlılara məxsus olduğunu xüsusi qeyd edib.







Qərbi Azərbaycan Kuboku