İngiltərə Futbol Federasiyası “Everton”un futbolçusu Yerri Minanı cəzalandırıb.
Corner.az xəbər verir ki, buna səbəb 24 yaşlı futbolçunun ölkəsində fəalliyyət göstərən bukmeker kontorunun reklamına çəkilməsi olub.
Kolumbiyalı futbolçunun bu addımı cəzasız qalmayıb. İngiltərə Futbol Federasiyası Minaya 10 min funt-sterlinq cərimə kəsib. Federasiya tərəfindən futbolçuya ciddi xəbərdarlıq olunub.
“Everton”un müdafiəçisi daha sərt cəzaya məruz qala bilərmiş. Açıqlamada bildirilir ki, Minanın da iştirakı ilə çəkilən reklam çarxı ispan dilində olub, xəbərdarlıq edilən kimi də dərhal yayımdan qaldırılıb. Üstəlik, futbolçu bu çarxa çəkildiyinə görə heç bir gəlir əldə etməyib, xətasını qəbul edərək dərhal üzr istəyib. Bütün bunlar onun cəzasını yüngülləşdirib.
Qeyd edək ki, Mina “Everton”a 2018-ci ildə “Barselona”dan transfer olunub.