- Xəbər news
- 15:12 27.11.2025
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onu müşayiət edən nümayəndə heyəti İtaliyaya rəsmi səfəri çərçivəsində Neapolda UEFA Çempionlar Liqasının V turunda keçirilən “Napoli” – “Qarabağ” oyununu stadiondan izləyiblər.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Azərbaycan XİN-in “X” sosial şəbəkə hesabında paylaşılıb.
Nazirliyin açıqlamasında qeyd olunub ki, bu iştirak Azərbaycanın Avropa futbolunda artan nüfuzunu və milli komandanın beynəlxalq arenada davamlı dəstəkləndiyini göstərən qürurverici hadisədir.
Ceyhun Bayramov da şəxsi sosial media hesabında paylaşım edərək “Qarabağ”ın Azərbaycanı Avropada layiqincə təmsil etdiyini vurğulayıb. O, qarşılaşmadan sonra klubun prezidenti Tahir Gözəl ilə birlikdə futbolçularla görüşdüyünü, komandanın “Napoli” kimi güclü rəqibə qarşı nümayiş etdirdiyi əzmkarlığa görə təşəkkür etdiyini bildirib.
Qeyd edək ki, Neapolda keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.