- 17:59 19.12.2025
Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, AFFA-nın dəstəyi, “Tamstore” Marketlər Şəbəkəsinin baş sponsorluğu və “CBC Sport” telekanalının informasiya dəstəyi ilə keçiriləcək “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinin ikinci mövsümünün rəsmi açılış və püşkatma mərasimi baş tutub.
90deqiqe.Az xəbər verir ki, tədbirdə əvvəlcə turnirin ilk mövsümünün final oyunu və mükafatlandırma mərasimindən hazırlanmış videoçarx nümayiş etdirilib.
Açılış mərasimində çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev turnirin məqsəd və əhəmiyyətindən danışıb. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Turnirin əsas məqsədi Qarabağın dirçəlişi prosesinə ictimai dəstəyin gücləndirilməsi, ianə mədəniyyətinin təşviqi və sağlam həyat tərzinin təbliğidir.
Rəhman Hacıyev turnirdə dövlət qurumları və aparıcı şirkətlərin komandalarının iştirakını dövlət və özəl sektor arasında həmrəyliyin bariz nümunəsi kimi dəyərləndirib, layihəyə dəstək göstərən bütün tərəfdaş və donorlara təşəkkür edib.
Tədbirdə çıxış edən “Avrora Qrup”un prezidenti Ceyhun Abbasov “Dirçəliş Kuboku”nun sosial və ictimai əhəmiyyətini vurğulayıb, turnirin Qarabağın bərpasına mühüm töhfə verəcəyini bildirib və yarışın yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib.
Çıxışlardan sonra “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinin püşkatma mərasimi keçirilib. Püşkün nəticəsinə əsasən 40 komanda hərəsində 10 kollektiv olmaqla 4 qrupa bölünüb.
Qeyd edək ki, tədbir zamanı Ceyhun Abbasova xüsusi plaket və Qarabağ Dirçəliş Fondunun sifarişi ilə nəşr olunan “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabı təqdim olunub. Püşkatmada iştirak edən qonaqlara isə Fond adından təşəkkür hədiyyələri verilib.
Məlumat üçün bildirək ki, turnirin baş sponsoru “Tamstore” Marketlər Şəbəkəsi tərəfindən Qarabağ Dirçəliş Fonduna 35 min manat, yarışda iştirak edən komandalar tərəfindən isə 80 min manat ianə edilib. Beləliklə, turnir çərçivəsində ümumilikdə 115 min manat vəsait toplanıb.
Turnirdən əldə olunan vəsait işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılmasına yönəldiləcək. Bununla da iştirakçı komandalar turnirdə mübarizə aparmaqla yanaşı, Qarabağın bərpasına real töhfə vermiş olacaqlar.