20 dekabr 2025. Şənbə

“Qərbi Azərbaycan Kuboku”nun qalibi "Loru" komandası ilə görüş keçirilib - FOTOLAR


“Qərbi Azərbaycan Kuboku”nun qalibi "Loru" komandası ilə görüş keçirilib - FOTOLAR

Qərbi Azərbaycan İcmasında 1–25 iyun tarixlərində keçirilmiş “Qərbi Azərbaycan Kuboku” II minifutbol turnirinin qalibi olan "Loru" futbol komandasının heyəti ilə görüş keçirildi.

90deqiqe.Az xəbər verir ki, görüşdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli həmin gün keçirilmiş Ümumi Yığıncaqda müzakirə olunan cari fəaliyyət istiqamətləri və qarşıya qoyulan 2026-cı il hədəfləri barədə ətraflı məlumat verdi. O, 2026-cı ildə Qərbi Azərbaycanı təmsil edəcək vahid futbol komandasının yaradılması təşəbbüsündən bəhs edərək bu layihənin gənclər üçün həm ideoloji, həm də idman baxımından mühüm əhəmiyyət daşıdığını vurğuladı.

İcma sədri qeyd etdi ki, artıq ikinci dəfə təşkil olunan “Qərbi Azərbaycan Kuboku” gənclərin doğma torpaqlara qayıdış ideyası ətrafında daha sıx birləşməsinə, qarşılıqlı ünsiyyətin möhkəmlənməsinə və sağlam həyat tərzinin təşviqinə xidmət edir. Əziz Ələkbərli turnirdə göstərdikləri əzm və idman bacarığına görə qalib "Loru" futbol komandasının timsalında bütün iştirakçı komandalara təşəkkürünü bildirdi.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Aparatının şöbə müdiri Faiq Kərimov turnirin təşkilati baxımdan yüksək səviyyədə keçirildiyini qeyd edərək, bu cür idman layihələrinin İcmanın gənclərlə iş strategiyasında xüsusi yer tutduğunu vurğuladı.

"Loru" futbol komandasının rəhbəri Vüqar Hacıyev yaradılan şəraitə və göstərilən diqqətə görə Qərbi Azərbaycan İcmasına təşəkkür edərək, əldə olunan uğuru böyük məsuliyyət kimi dəyərləndirdiklərini və gələcək yarışlarda da yüksək nəticələr üçün səylərini davam etdirəcəklərini bildirdi.

İcmanın koordinatoru Sakit Vəliyev isə “Qərbi Azərbaycan Kuboku”nun təkcə idman yarışı deyil, eyni zamanda gənclərin milli kimlik və tarixi yaddaş ətrafında birləşməsi baxımından mühüm platforma olduğunu diqqətə çatdırdı.

Görüşün sonunda Qərbi Azərbaycan İcması adından "Loru" futbol komandasına təşəkkürnamə təqdim olundu və xatirə fotosu çəkildi.







Qərbi Azərbaycan Kuboku