- 10:51 30.12.2025
Qərbi Azərbaycan Kuboku II mini futbol çempionatının qalibi olan “Loru” futbol klubunun üzvü Amil Novruzov komandanın turnirdəki çıxışı, final oyunu və sonrakı görüşlə bağlı 90deqiqe.Az saytına açıqlama verib.
Amil Novruzovun sözlərinə görə, turnirin başa çatmasından sonra Qərbi Azərbaycan İcmasının əsas binasında keçirilən görüş komanda üçün mühüm əhəmiyyət daşıyıb. Görüşdə İcmanın İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli futbolçuları, məşqçi heyətini və klub rəhbərliyini çempionluq münasibətilə təbrik edib, turnir boyunca nümayiş etdirilən oyun səviyyəsini, intizamı və komanda ruhunu yüksək qiymətləndirib.
Futbolçu bildirib ki, görüş zamanı komandanın gələcək fəaliyyəti ilə bağlı məsələlər də müzakirə olunub. Xüsusilə, hazırlıq şəraitinin yaxşılaşdırılması, gənc futbolçuların dəstəklənməsi, heyətin sabitliyinin qorunması və inkişaf perspektivləri diqqət mərkəzində olub. Eyni zamanda, növbəti çempionatın təşkili, yarışların səviyyəsinin artırılması, iştirakçı komandaların sayının genişləndirilməsi və idman infrastrukturu ilə bağlı məsələlər gündəmə gətirilib.
Amil Novruzov qeyd edib ki, “Loru” FK turniri məğlubiyyətsiz başa vuraraq bütün oyunlarda qələbə qazanıb və yarışın ən stabil komandalarından biri kimi çıxış edib. Onun sözlərinə görə, komandanın oyunları taktiki baxımdan düzgün qurulub, müdafiədə etibarlı, hücumda isə effektiv oyun nümayiş etdirilib.
Final qarşılaşmasına toxunan futbolçu bildirib ki, gərgin və maraqlı mübarizə şəraitində keçən oyunun əsas vaxtında qalib müəyyənləşməyib. Penaltilər seriyasında isə “Loru” FK-nın futbolçuları soyuqqanlılıq və psixoloji davamlılıq nümayiş etdirərək qələbə qazanıblar.
Sonda Amil Novruzov turnirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb, bu cür yarışların gənclərin idmana cəlb olunması, sağlam həyat tərzinin təşviqi və icmalar arasında əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.