- Xəbər news
- 17:25 09.02.2026
İdman Azərbaycanda zəngin ənənələrə malikdir və bu gün də gənc idmançılarımız beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edirlər. Xüsusilə sərbəst güləş üzrə yetişən yeni nəsil idmançılar Azərbaycan güləş məktəbinin gücünü bir daha sübut edir.
90deqiqe.Az bu dəfə “Qərbi Azərbaycan İdmanı” bölməsində sizə gənc və perspektivli sərbəst güləşçimiz Hüseyn Qoşqar oğlu Məmmədtağızadəni təqdim edir.
Əslən Qərbi Azərbaycanın Ağbaba mahalının İlanlı kəndindən olan Hüseyn Qoşqar oğlu Məmmədtağızadə 27 may 2008-ci ildə anadan olub. Uşaqlıq yaşlarından idmana böyük maraq göstərən Hüseyn qısa müddətdə sərbəst güləş üzrə öz istedadı və əzmkarlığı ilə seçilməyə başlayıb.
O, bu günədək sərbəst güləş üzrə Azərbaycan çempionatları və açıq turnirlərində dəfələrlə qalib gələrək ölkə miqyasında adından söz etdirməyi bacarıb. Hüseynin uğurları təkcə respublika səviyyəsi ilə məhdudlaşmır. O, ilk beynəlxalq çıxışını Macarıstanda keçirərək 5-ci yerə layiq görülüb. 2024-cü ildə isə Türkiyədə təşkil olunan nüfuzlu “Victory Champions Cup” turnirində bürünc medal qazanaraq Azərbaycan bayrağını beynəlxalq arenada yüksəldib.
Gənc güləşçi son olaraq sərbəst güləş üzrə Azərbaycan çempionatının final mərhələsində 92 kq çəki dərəcəsində möhtəşəm qələbə qazanıb. Final görüşündə geridönüş xarakterli mübarizə nümayiş etdirən Hüseyn Məmmədtağızadə əzmkarlığı və iradəsi ilə çempion adını əldə edib.
Qeyd edək ki, Hüseyn Məmmədtağızadə bu qələbəsini Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə həsr edib. O, çıxışlarında daim Vətənə, bayrağa və dövlətə sədaqətini ön plana çəkir.
Hüseyn Məmmədtağızadənin qazandığı nailiyyətlər ölkəmizdə idmana göstərilən dövlət qayğısının, gənclərə yaradılan şəraitin və milli-mənəvi dəyərlər üzərində formalaşan idman tərbiyəsinin bariz nümunəsidir. Gənc idmançımıza gələcək karyerasında daha böyük zirvələr fəth etməyi arzulayırıq.