- 21:59 25.05.2026
“Dirçəliş Kuboku” artıq korporativ futbol turniri olmaqla yanaşı, həm də sosial məsuliyyət və xeyriyyə məqsədlərini özündə birləşdirən mühüm layihələrdən birinə çevrilib. Bu mövsüm də maraqlı və gərgin mübarizə ilə yadda qalan turnirdə komandalar final uğrunda ciddi rəqabət aparıblar. Xüsusilə yarımfinal mərhələsində yaşanan dramatik anlar və finalda qarşılaşacaq komandaların çıxışı futbolsevərlərin diqqət mərkəzindədir.
Mövzu ilə bağlı “Azerconnect Group”un baş məşqçisi Kamran Məmmədzadə və komandanın kapitanı Vadim Qalimov 90deqiqe.Az saytına açıqlama veriblər.

K. Məmmədzadə bildirib ki, ötən il “Dirçəliş Kuboku”nda iştirak etməyiblər. Lakin bu il həm turnirə qoşulmaları, həm də finala qədər irəliləmələri onlar üçün olduqca sevindirici və qürurverici haldır.
“Bu atmosferi yaşamaq komandaya xüsusi motivasiya və enerji verir. İl ərzində şirkətdaxili futbol oyunlarında iştirak etsək də, tam formalaşmış komandamız yox idi. Qısa müddət ərzində heyəti qurduq və seçim zamanı hər bir oyunçunu ayrıca analiz edərək komandaya cəlb etdik. Məqsədimiz sona qədər mübarizə aparacaq, xarakterli və bir-birini tamamlayan kollektiv formalaşdırmaq idi. Sevindirici haldır ki, uşaqlar bu məsuliyyətin öhdəsindən layiqincə gəldilər və nəticədə finala qədər yüksələ bildik.
Finala yüksələn “Bir Ekosistemi” də kifayət qədər güclü, intizamlı və ciddi rəqib olduğunu sübut edib. Biz hər oyuna olduğu kimi, final qarşılaşmasına da ciddi hazırlıq və ətraflı analizlə yanaşırıq. Düşünürəm ki, azarkeşləri maraqlı və gərgin mübarizə gözləyir. Biz isə meydanda əlimizdən gələnin ən yaxşısını edərək kuboku qazanmağa çalışacağıq”, – deyə məşqçi qeyd edib.

"Azerconnect Group"un oyunçusu V. Qalimov bildirib ki, turnirin təşkili ilə bağlı müəyyən təkmilləşdirilə biləcək məqamlar mövcuddur. Lakin bu nüanslar komandaların çıxışına heç bir təsir göstərmir. Ümumilikdə isə təşkilatçılıq yüksək səviyyədə həyata keçirilir.
Oyun haqqında danışan futbolçu qeyd edib ki, qarşılaşma boyunca gərgin mübarizə gedib. Komanda uzun müddət bir top fərqi ilə geridə qalsa da, vəziyyəti dəyişə biləcəklərinə inanırdı və matçın sonlarında bunu bacarmağı bacardı. Onun sözlərinə görə, turnirin bu mərhələsində zəif komanda yoxdur və buna görə də hər oyuna maksimum məsuliyyətlə yanaşırlar.
V. Qalimov həmçinin bütün oyun ərzində yüksək müqavimət göstərən və keyfiyyətli oyun nümayiş etdirən rəqib komandaya təşəkkürünü bildirib.
Fəxriyyə Adil