- 23:17 26.05.2026
Korporativ futbolun ən maraqlı yarışlarından biri hesab olunan “Dirçəliş Kuboku” idman mübarizəsi ilə yanaşı, xeyriyyəçilik və sosial məsuliyyət prinsiplərini də özündə birləşdirir. Cari mövsümdə turnir gərgin oyunlar və gözlənilməz nəticələrlə yadda qalıb. Yarımfinal mərhələsində baş verən dramatik hadisələr və finalda üz-üzə gələcək komandaların uğurlu çıxışı yarışa olan marağı daha da artırıb.
Mövzu ilə bağlı "Bir Ekosistemi" nin xidmət sektorları üzrə partnyorluq şöbəsinin rəisi Sultan Qasımov, baş məşqçisi Vitali Borisov və oyunçusu Elmir Fətəliyev 90deqiqe.Az saytına açıqlama veriblər.

S.Qasımov bildirib ki: ötən il “Bir Ekosistem” şirkət olaraq vahid formada fəaliyyət göstərmirdi. Ayrı-ayrı şirkətlər – "Kapital Bank", "m10" və "Birbank" mövcud idi.
“Bir Ekosistem”in rəsmi formalaşması məhz bu ilə təsadüf etdi və biz də turnirə bu formatda müraciət etdik. Ötən il iştirak üçün "Kapital Bank" adı ilə müraciət edilmişdi. Lakin eyni vaxtda bir neçə fərqli turnirdə çıxış etdiyimizə görə bu yarışa kifayət qədər resurs ayıra bilmədik və nəticədə iştirak etmədik.
Bu il isə artıq təkcə "Kapital Bank" deyil, həm "m10", həm də "Birbank" vahid komanda şəklində bütün diqqətini bu turnirə yönəldərək iştirak etdi. Turniri çox yüksək qiymətləndiririk. Burada kifayət qədər güclü şirkətlər təmsil olunur. Hətta deyərdim ki, vahid ekosistem modeli ilə çıxış edən ilk iştirakçı məhz “Bir Ekosistem” oldu. Nümunə olaraq "Unicapital"ı da qeyd edə bilərəm. Məhz bizim yanaşmamızdan sonra digər şirkətlər tərəfindən də oxşar modelə maraq göstərildi və bu istiqamətdə addımlar atıldı. Bu da “Bir Ekosistem”in bazarda fərqli yanaşmalar tətbiq etdiyini göstərir.
Nəticə etibarilə komandamız güclüdür. Komanda üzvləri bu uğur üçün böyük əziyyət çəkir və ciddi hazırlıq keçirlər. Bu əməyin nəticəsidir ki, bu gün finaldayıq. Hesab edirəm ki, ötən il də “Bir Ekosistem” olaraq iştirak etsəydik, finala yüksəlmək şansımız yüksək olardı. Çünki komanda ruhu, qalibiyyət əzmi, intizam və davamlılıq bu şirkətlərin ortaq dəyərləri olub və hər zaman seçilib.
Yarımfinal oyunu bu günə qədər keçirdiyimiz ən çətin və ən güclü qarşılaşmalardan biri idi. Ümumilikdə, “Dirçəliş Kuboku”nun 2025-2026 mövsümündə komandamızın çıxışına baxsaq, bir məğlubiyyət, bir heç-heçə və qalan bütün oyunlarda qələbə əldə etdiyimizi görərik. Bəzi görüşlərdə istədiyimiz nəticələri tam ala bilməməyimizin müəyyən səbəbləri vardı. Həmin məqamları daxildə analiz edib aradan qaldırdıq və nəticədə komanda finala qədər irəlilədi.
Yarımfinal mərhələsinin özü belə əlavə məsuliyyət yaradırdı. Çünki səhvləri kompensasiya etmək üçün ikinci şans yox idi. Rəqib bizə yaxşı tanış olan komanda idi. Son illərdə bu kollektivlə dəfələrlə qarşılaşmışıq və oyunlarımız hər zaman gərgin keçib. Burada əsasən "Kapital Bank" və "Unibank" komandalarının əvvəlki qarşılaşmalarını nəzərdə tuturam.
Oyun çox çətin keçdi. Komandamız düzgün strategiya seçərək meydandan qalib ayrılmağı bacardı. Qarşılaşmanın taleyini isə ikinci hissənin son beş dəqiqəsinin həll etdiyini deyə bilərik. Rəqibin ardıcıl qayda pozuntuları nəticəsində altıncı komanda faulu qeydə alındı və biz cərimə zərbəsi hüququ qazandıq. Müdafiəyə üstünlük verən və güclü oyunçulara malik komandaya qarşı qol yolu tapmaq çətin idi. Bu epizod bizə əlavə imkan yaratdı və komandanın kapitanı Elmir Fətəliyev həmin fürsəti dəqiq zərbə ilə qola çevirdi.
Bu qoldan sonra rəqib bütün qüvvəsi ilə hücuma atıldı. Hətta qapıçı da hücumlara qoşularaq altı nəfərlə oynamağa başladılar. Bu, riskli, lakin belə məqamlarda tez-tez istifadə olunan yanaşmadır. Sevindirici haldır ki, rəqibin buraxdığı səhvdən yenidən yararlandıq və demək olar ki, bir qapıdan digər qapıya göndərilən zərbə ilə ikinci qolu vurduq. Beləliklə, görüşü 2:0 hesablı qələbə ilə başa vurduq.
Digər yarımfinal qarşılaşmasını – "Azerconnect" və "Avrora qrupları" arasında keçirilən oyunu da izlədik. Həmin görüş də son dərəcə gərgin keçdi, qarşılıqlı qollar vuruldu. Ümumilikdə yarımfinal mərhələsi göstərdi ki, turnirdə iştirak edən komandalar yarışa çox ciddi yanaşıb və burada yüksək səviyyəli rəqabət formalaşıb.
Şükürlər olsun ki, biz finaldayıq. Ümid edirik ki, 6 iyun tarixində Bakı Tennis Akademiyasında keçiriləcək final qarşılaşmasında da qalib tərəf biz olarıq və bu günə qədər muzeyimizdə olmayan daha bir kuboku kolleksiyamıza əlavə edə bilərik.
Bu məqamı xüsusi vurğulamaq istərdim. Hazırda muzeyimizdə 30-dan çox müxtəlif kubok var. Onların böyük əksəriyyəti son on il ərzində banklar və şirkətlər liqalarında əldə etdiyimiz uğurların nəticəsidir. Təsadüfi deyil ki, iki il əvvəl Şirkətlər Liqasının qalibi kimi Azərbaycanı Antalyada keçirilən Dünya və Avropa Şirkətlər Liqalarında təmsil etmişdik.
Sevindirici məqamlardan biri də odur ki, həmin turnirdə məğlub olduğumuz komanda da Azərbaycan təmsilçisi idi və onlar sonda yarışın qalibi olaraq çempionluq titulunu qazanmışdılar".

Komandanın məşqçisi Vitali Borisov bildirib ki: turnir çox yaxşı keçirilir. "Yarımfinal oyunu olduqca çətin keçdi. Hər iki komanda finala layiq idi. Həlledici məqam isə bizim yaranan fürsətlərdən istifadə edə bilməyimiz, rəqibin isə bu baxımdan istədiyi nəticəni əldə edə bilməməsi oldu”.

Komandanın qalibiyyət qolunun müəllifi Elmir Fətəliyev də öz fikirlərini bildirirb: “Bu turnirdə final mərhələsinə yüksəlmək bizim üçün çox önəmlidir və komandamız adına bundan böyük qürur duyuruq.
“Qarabağ Dirçəliş Fondu”nun təşəbbüsü ilə keçirilən “Dirçəliş Kuboku”nu yüksək qiymətləndirirəm. Belə layihələr kollektivlər arasında sağlam rəqabəti təşviq etməklə yanaşı, xeyriyyə məqsədinə xidmət etdiyi üçün də xüsusi əhəmiyyət daşıyır. Turnirin təşkilatçılığı və ümumi atmosferi də bizdə çox müsbət təəssürat yaradıb.Finaldakı rəqibimiz olan “Azərconnect Group” güclü və intizamlı komandadır. Turnir boyunca yaxşı oyun nümayiş etdiriblər və finala yüksəlmələri təsadüfi deyil. Düşünürəm ki, bizi maraqlı və gərgin qarşılaşma gözləyir. Biz də oyuna ciddi hazırlaşırıq və azarkeşlərə baxımlı futbol təqdim etməyə çalışacağıq.Turnir ərzində bizim üçün ən çətin və eyni zamanda ən yaddaqalan oyunlardan biri yarımfinal qarşılaşması oldu. Həmin görüş komandamızın xarakterini və mübarizə əzmini bir daha ortaya qoydu. Çətin anlarda birlikdə hərəkət etməyin nə qədər vacib olduğunu gördük. İnanıram ki, həmin oyundan qazandığımız təcrübə finalda da bizə kömək edəcək".
Fəxriyyə Adil