- Xəbər news
- 21:58 04.06.2026
İdman Azərbaycanda zəngin ənənələrə malik sahələrdən biridir və bu gün də gənc idmançılarımız ölkəmizi müxtəlif turnirlərdə uğurla təmsil edirlər. Xüsusilə kikboksinq üzrə yetişən yeni nəsil idmançılar Azərbaycanın döyüş idmanlarında qazandığı uğurların davamlı olduğunu göstərir.
90deqiqe.Az bu dəfə “Qərbi Azərbaycan İdmanı” bölməsində sizə gənc və perspektivli kikboksçu Zeynalov Amin Asif oğlunu təqdim edir.
Əslən Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndindən olan Amin Asif oğlu Zeynalov 75 kq çəki dərəcəsində çıxış edir. Gənc idmançı qısa müddət ərzində göstərdiyi yüksək hazırlıq, intizam və döyüş əzmi ilə diqqət çəkməyi bacarıb.
O, 31 may 2026-cı il tarixində Hövsan Olimpiya İdman Kompleksində keçirilən, Azərbaycanın Milli Qəhrəmanı Asif Yusif oğlu Məhərrəmovun (Fred Asif) xatirəsinə həsr olunmuş açıq kikboksinq turnirində uğurla çıxış edib. 304 idmançının mübarizə apardığı yarışda Amin Zeynalov yüksək peşəkarlıq nümayiş etdirərək bütün rəqiblərini üstələyib və turnirin qalibi olaraq qızıl medal qazanıb.
Onun yarış ərzində göstərdiyi əzm, döyüş ruhu və intizam həm tamaşaçılar, həm də idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, Amin Zeynalov bundan əvvəl də uğurlu nəticələr əldə edib. Belə ki, o, 24–26 aprel 2026-cı il tarixlərində keçirilən Bakı birinciliyində öz çəki dərəcəsində çıxış edərək 3-cü yerə layiq görülüb. Bu nəticələr onun idman karyerasında ardıcıl yüksəlişin göstəricisi kimi dəyərləndirilir.
Amin Zeynalov Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin idmançısıdır. Onun əldə etdiyi uğurlarda məşqçisi, Prezident mükafatçısı, Əməkdar məşqçi, yeniyetmə və gənclərdən ibarət Azərbaycan milli yığma komandasının baş məşqçisi Hikmət Hacıyevin böyük əməyi var.
Məşqçi və idmançının məqsədyönlü hazırlığı nəticəsində əldə olunan bu nailiyyətlər gələcək turnirlər üçün də böyük ümidlər yaradır.
Amin Zeynalovu və onun məşqçisi Hikmət Hacıyevi qazandıqları uğurlar münasibətilə təbrik edir, gələcək yarışlarda daha böyük qələbələr arzulayırıq.