- Xəbər news
- 13:33 06.06.2026
Bakıda avtomobil həvəskarlarının maraqla gözlədiyi “Classics & Supercars” festivalı başlayıb.
90deqiqe.Az xəbər verir ki, Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Nazar Holdings”in birgə təşkilatçılığı ilə keçirilən festival Dənizkənarı Milli Parkın ərazisində təşkil olunub və iki gün davam edəcək.
Tədbir çərçivəsində ziyarətçilərə klassik avtomobillər, “supercar”lar və müxtəlif növ idman avtomobilləri təqdim olunur. Sərgidə Azərbaycan Avtomobil Federasiyasının kolleksiyası ilə yanaşı, qeydiyyatdan keçmiş avtomobil sahiblərinə məxsus nəqliyyat vasitələri də nümayiş etdirilir.
Festivalda sərgilənən klassik avtomobillər 1986-cı ilədək istehsal olunmuş nadir nəqliyyat vasitələridir. Bu avtomobillər özünəməxsus dizaynı, tarixi dəyəri və dövrünün mühəndislik nailiyyətlərini əks etdirməsi ilə seçilir.
Retro avtomobillərlə yanaşı, müasir texnologiyalar və yüksək sürət imkanları ilə diqqət çəkən idman avtomobilləri və “supercar”lar da ziyarətçilərin marağına təqdim olunur.
Beləliklə, festival iştirakçıları bir məkanda həm avtomobil sənayesinin keçmişini əks etdirən klassik modellərlə, həm də müasir avtomobil texnologiyalarının ən son nümunələri ilə yaxından tanış olmaq imkanı əldə edirlər.
Qeyd edək ki, sərgi iyunun 6-da saat 18:00-dək, iyunun 7-də isə saat 16:00-dək davam edəcək.