- 22:12 07.06.2026
Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin ikinci mövsümünə yekun vurulub.
90deqiqe.Az xəbər verir ki, 6 iyun 2026-cı il tarixində baş tutan final oyunu və mükafatlandırma mərasimi geniş iştirakçı tərkibi ilə yadda qalıb. Tədbirdə dövlət qurumlarının və şirkətlərin nümayəndələri, futbol ictimaiyyəti, QDF-in donor və tərəfdaşları, idman jurnalistləri və azarkeşlər iştirak ediblər.
Turnirin üçüncü yer uğrunda görüşündə “Avrora Qrup” və “Unicapital” komandaları üz-üzə gəlib. 7:4 hesabı ilə qələbə qazanan “Unicapital” turniri bürünc medalla başa vurub.
Final qarşılaşmasında isə “Bir Ekosistemi” və “Azerconnect Group” komandaları mübarizə aparıblar. Gərgin və maraqlı keçən oyunda “Bir Ekosistemi” rəqibini 3:1 hesabı ilə məğlub edərək “Dirçəliş Kuboku”nun ikinci mövsümünün qalibi olub.
Mükafatlandırma mərasimində əvvəlcə qrup mərhələsinin qalibləri təltif olunublar. A qrupunun qalibi “Balakhani Operating Company”, B qrupunun qalibi “ADSEA”, C qrupunun qalibi “Yelo Bank”, D qrupunun qalibi isə “SOCAR” komandaları xüsusi mükafatlara layiq görülüblər.
Daha sonra fərdi nominasiyalar üzrə qaliblər mükafatlandırılıb. Turnirin ən yaxşı hakimləri Əli Cəbrayılov və Mahir Məmmədov, ən yaxşı qapıçısı Baba Qafarov (“Azərlotereya”), bombardiri Murad Nuriyev (“Caspel”), MVP-lər Fərid Məmmədli (“Səhiyyə Nazirliyi AEM”) və İlkin Mikayılov (“Yelo Bank”), eləcə də “Fair Play” komandası “Glensol” xüsusi mükafat alıblar.
Sonda isə mükafatçılar sırasında “Unicapital” (bürünc) və “Azerconnect Group” (gümüş) yer alıb, turnirin qalibi “Bir Ekosistemi” komandası qızıl medallar və kubokla təltif olunub.
Qeyd edək ki, AFFA-nın dəstəyi, “Tamstore” Marketlər Şəbəkəsinin baş sponsorluğu və “CBC Sport”un informasiya dəstəyi ilə keçirilən turnirdə 40 komanda iştirak edib. Toplanan 115 000 AZN ianə işğaldan azad olunmuş ərazilərdə idman infrastrukturunun yaradılmasına yönəldiləcək.