- 22:44 10.06.2026
Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı, AFFA-nın dəstəyi və "Tamstore" Marketlər Şəbəkəsinin baş sponsorluğu ilə "Dirçəliş Kuboku" xeyriyyə futbol turnirinin ikinci mövsümünün final oyunu keçirildi. Turnirdə dövlət qurumları və şirkətləri təmsil edən 40 komanda iştirak etdi. Final qarşılaşmasında "Bir Ekosistemi" komandası "Azerconnect Group"u 3:1 hesabı ilə məğlub edərək turnirin qalibi oldu. Üçüncü yeri isə "Unicapital" komandası "Avrora Qrup"u 7:4 hesabı ilə keçərək qazandı.
Kuboku qazanan "Bir Ekosistemi" komandasının üzvləri final oyunu barədə 90deqiqe.Az saytına açıqlama veriblər:
"Bir Ekosistemi" nin xidmət sektorları üzrə partnyorluq şöbəsinin rəisi Sultan Qasımov bildirib ki, final qarşılaşmasının kifayət qədər güclü və yüksək səviyyəli təşkilatçılıqla keçirildiyini qeyd etmək istərdim. Çünki bu, izlədiyimiz və son dönəmdə iştirak etdiyimiz turnirler arasında ən yüksək peşəkarlıqla təşkil olunanı idi. "Hər bir təfəsilata diqqət edilib, xüsusilə azarkeşlərin həm oyun zamanı, həm oyundan öncə, həm də oyundan sonra meydandakı proseslərə cəlb olunması təmin edilmişdi. Bu da xüsusilə maraqlı və azarkeşlər üçün bir o qədər həvəsləndirici idi.
Oyuna gəlincə, kifayət qədər hazırlaşmışdıq. Uzun bir hazırlıq müddətimiz olmuşdu. Hazırlıq proseslərini uğurla keçərək istədiyimiz performansı nümayiş etdirmək üçün də kifayət qədər yaxşı şərait var idi. Bu arada onu da qeyd edək ki, biz rəqibi yetərincə analiz etmişdik — öncəki oyunlarını təhlil etmiş, hər bir oyunçunun fərdi göstəricilərini dəyərləndirmiş, oyun taktikası üzərində analiz aparmış və buna uyğun hazırlıq keçmişdik.

Təbii ki, hesab baxımından ümumi ssenarimizin istədiyimiz kimi getdiyini qeyd edə bilərik — 3:1 hesablı bir qələbə əldə etdik. Lakin bu qələbənin arxasında kifayət qədər əziyyət də oldu. Rəqibin əzmini də xüsusi olaraq qeyd etmək istərdim. Çox çalışdılar, bizə çətin anlar yaşatdılar. Xüsusilə oyun zamanı fərqlənən rəqib qapıçısını vurğulamaq istərdim — onun peşəkarlığı həm hesabın daha böyük olmasının qarşısını aldı, həm də ilk başda bizim qalib olmağımızı bir qədər çətinləşdirdi".
Ümumiyyətlə, ekosistem komandası qurulmamışdan öncə komandalar fərdi şəkildə çıxış edirdi. İstər Kapital Bank adıyla çıxış etdiyimiz dönəmlər olsun, istər PashaPay şirkəti, istərsə də yarışlara çox qatılmasa da kifayət qədər güclü heyəti olan Bir Market komandası — biz üç fərqli şirkət olaraq turnirə ayrı-ayrılıqda qatıla bilərdik.
Lakin Pasha Holding daxilində keçirilmiş daxili futbol turnirində müşahidə etdik ki, fərdlərdən formalaşan komandalar ayrılıqda müəyyən uğur əldə edə bilər. Güc birlikdə olduqda isə bu uğuru daha da artırmaq, daha güclü mübarizə aparmaq və daha yaxşı nəticə əldə etmək mümkündür. Vahid komandanın formalaşması bizə əlavə güc verdi, boşluqlarımızı bağladı və çatışmazlıqlarımızı qısa müddətdə aradan qaldıraraq daha yüksək performanslı nəticə əldə etməyə səbəb oldu. Nəticə özü danışır: ilk dəfə ekosistem adıyla qatıldığımız turnirdəcə qalib gəlməyi bacardıq.
Şirkətlərimizin fərdi nailiyyətləri bundan əvvəl də olmuşdur. Keçən il "Dirçəliş Kuboku"nda Bir Market komandamız — köhnə adıyla Yumiko — ilk dörddə yer almışdı. PashaPay komandamız fərqli illərdə müxtəlif turnirlərdə iddialı mərhələlərə qədər yüksələ bilmişdi. Xüsusilə Kapital Bank komandasını qeyd etmək istərdim: son beş-altı ildə bu komandanın çoxsaylı çempionluğu və ilk üçlüyə düşməsi var. Marsol Mini-Futbol Turnirində beş mövsümdən üçündə qalib, birində üçüncü, birində dördüncü olublar. Fair Liqanın Banklar Liqasının ilk iki mərhələsini qazanmış, Şirkətlər Liqasında isə Azərbaycan çempionu kimi Antalyada ölkəmizi təmsil etmişlər. SAT Qrupun təşkil etdiyi Şirkətlər Liqasında da qalibiyyətləri olmuşdur.
Bu turnirdə əldə etdiyimiz qələbəni biz bütün əvvəlki qələbələrimizin bir məcmusu kimi görürük. Üç güclü komandamızın vahid qüvvə ilə çıxış etməsi bizə fərqli bir qələbə və fərqli bir sevinc yaşatdı. Bir Ekosistemi Azərbaycanda ilk ekosistem modelində fəaliyyət göstərən şirkətdir və ekosistem adı ilə çıxış etdiyimiz ilk turnirdəcə qalib gəlməyimiz bizə ayrıca qürur bəxş edir. Hər bir turnirin öz yeri olduğu kimi, "Dirçəliş Kuboku"ndakı bu qələbə bizim üçün xüsusi əhəmiyyət daşıyır.

"Bir Ekosistemi" komandasının baş məşqçisi Vitali Borisov qeyd edib ki, "oyun xüsusilə birinci hissədə gərgin keçdi. Çoxlu şansları əldən buraxdıq. Amma əsas odur ki, qalib gəldik. Bütün futbolçuları və klub rəhbərliyini qələbə münasibətilə təbrik edirəm".

Klubun oyunçusu, həll edici qolun müəllifi Vüqar Rəhimov da final oyunu barədə saytımıza öz fikirlərini bildirib: Final oyunu çox gərgin və maraqlı keçdi. Hər iki komanda qələbə qazanmaq üçün sonadək mübarizə apardı. Oyunun ümumi gedişatını yüksək səviyyədə dəyərləndirirəm. Komandamız meydanda verilən tapşırıqları yerinə yetirməyə çalışdı və bunun nəticəsində məqsədimizə nail olduq.
Həlledici qolu vurduqdan sonra oyunun ritmində müəyyən dəyişiklik hiss edildi. Komandamız özünəinam qazandı, rəqib isə hesabı bərabərləşdirmək üçün daha çox risk etməyə başladı. Bununla belə, son fitə qədər diqqətli olmağa çalışdıq.
Düşünürəm ki, qələbəmizi təmin edən əsas amillər komanda ruhu, intizamlı oyun və futbolçuların sonadək mübarizə aparması oldu. Hər kəs öz üzərinə düşən vəzifəni maksimum səviyyədə yerinə yetirdi və bunun nəticəsində "Dirçəliş Kuboku"nun qalibi olduq".
Fəxriyyə Adil